Fəxri diplom mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim olunub
     
   Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə Azərbaycan Milli İncəsənət Muzeyinə “Avropa Muzey Standartı” (EUMS) verilib.
  
   Standartın fəxri diplomu EEİG-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nizami Piriyev tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim olunub.
   Fəxri diplomu nazirə təqdim edən Nizami Piriyev ilk dəfə olaraq Azərbaycan muzeyinin belə yüksək ada layiq görüldüyünü vurğulayıb: “Biz çox şadıq ki, ilk dəfə olaraq Azərbaycan muzeyi səviyyəli “Avropa Muzey Standartı” ilə təltif edilir. Bu, ölkəmizin mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsidir. Milli İncəsənət Muzeyinə Avropa Muzey Standartının verilməsi bizim üçün qürurverici və sevindirici bir hadisədir”.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də Azərbaycan Milli İncəsənət Muzeyinin “Avropa Muzey Standartı” ilə təltif edilməsini yüksək qiymətləndirərək bunu bütövlükdə Azərbaycan mədəniyyətinin nailiyyəti olduğunu bildirib.
   Qeyd edək ki, “Avropa Muzey Standartı” Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye Palatasının təyin etdiyi standart və meyarlara cavab verən, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik muzeylərə verilir.
   Azərbaycan Milli İncəsənət Muzeyi 1936-cı ildə yaradılıb və hazırda XIX əsrin sonunda tikilmiş iki binada yerləşir. Muzeydə Azərbaycanın, Qərbi Avropanın, Rusiyanın və Şərq ölkələrinin müxtəlif incəsənət eksponatları nümayiş etdirilir. Muzeyin ekspozisiyası tarixi xronoloji ardıcıllıqla və ölkələr üzrə təşkil edilib. Muzeyin fondu 6 bölmə - rəssamlıq, qrafika, heykəltəraşlıq, toxuma işləri, metal məhsulları, çini qablar bölmələri üzrə sistemləşdirilib.