Oktyabrın 8-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Heydər bağı - park-bulvarda “20 il müstəqillik yollarında” adlı böyük kitab sərgisi keçirilib.
   
   Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, rayonun ziyalıları, ictimaiyyət nümayəndələri iştirak edib. Müxtəlif nəşriyyatların da iştirak etdiyi sərgidə 13 mövzunu əhatə edən kitablar nümayiş olunub.
   Tədbir çərçivəsində təqdim olunan konsertdə Mədəniyyət Mərkəzinin, musiqi məktəblərinin və yaradıcılıq mərkəzinin kollektivləri çıxış edərək, müstəqilliyimizə həsr olunmuş mahnılar səsləndiriblər.
   Sərgi əhali və kitabsevərlər tərəfindən çox maraqla qarşılanıb.
   * * *
   Oktyabrın 10-da Nəsimi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Zorge bağında “20 il müstəqillik yollarında” mövzusunda kitab sərgisi keçirilib.
   Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək 20 il ərzində görülmüş işlərdən, qazanılmış uğurlardan geniş söhbət açıb.
   Qeyd olunub ki, ötən 20 ildə Azərbaycan özünün yeni inkişaf modelini yaradıb, bu gün Azərbaycan Qafqazın ən modern, ən güclü dövlətidir. Tədbirdə tanınmış müğənnilərin və rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılanıb.