AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda elmi konfrans
Oktyabrın 17-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Tarix və incəsənət tarixi” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə institutun direktoru, professor Ərtegin Salamzadə “Azərbaycan sənətşünaslığı müstəqillik illərində” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Memarlıq və İncəsənət İnstitutunun 60 illik tarixində müstəqillik dövrü xüsusilə əlamətdar olub. Ötən 20 ildə institutun əməkdaşları araşdırdıqları, tədqiq etdikləri sahələri özündə əks etdirən 2 mindən çox kitab nəşr etdiriblər. Bu kitabların 200-ü monoqrafiyadır. Son illər ərzində Memarlıq və İncəsənət İnstitutunun təşəbbüsü ilə bir çox beynəlxalq konfranslar keçirilib.
Konfransda “Müstəqillik dövründə Azərbaycan musiqisi”, “Müstəqillik dövründə Azərbaycan musiqisi beynəlxalq məkanda”, “Xalça sənəti müasir dövrdə” və digər mövzularda məruzələr dinlənilib.