Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Mərkəzin baş mühafizi İranə İbrahimova, Tətbiqi incəsənət şöbəsinin müdiri Ruhəngiz Əliyeva, bərpaçı-rəssam Sultan Sultanov, habelə Qazax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, Qax Dövlət Rəsm Qalereyasının direktoru Səbinə Əfəndiyeva Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil olunan kurslarda iştirak ediblər. Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində gerçəkləşən səfər çərçivəsində Azərbaycan nümayəndələri muzeylərin inkişaf strategiyasının yaradılması, pullu xidmətlərin təşkili, sərgi-qalereya fəaliyyəti, bərpa və konservasiya təcrübəsinə dair mühazirələr dinləyib, diskussiyalar keçiriblər.
Azərbaycanda mədəniyyətə göstərilən diqqət və qayğıdan söz açan nümayəndə heyəti həmkarları ilə bərpa və konservasiya sahəsində geniş təcrübə mübadiləsi aparıb, proqram çərçivəsində Belarusun bir sıra muzey və tarix-mədəniyyət müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olublar. Kursun sonunda nümayəndə heyətinin hər bir üzvünə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən müvafiq şəhadətnamə və sertifikat təqdim olunub.
* * *
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın rəhbərlik etdiyi heyət bu günlərdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq yaradıcılığı Paytaxtları” Proqramının Tədbirlər Planına uyğun olaraq Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələrinin qorunması məqsədilə açıq sərgi-seminarlar keçirmək üçün İsmayıllı və Gəncə şəhərlərində səfərdə olub. İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində bərpa və konservasiya olunmuş əşyaların bərpadan əvvəl və sonrakı vəziyyətlərini əks etdirən geniş fotosərgi və muzey əməkdaşları, fond mühafizləri, bərpaçı-rəssamlar üçün seminar keçirilib. Gəncədə isə Heydər Əliyev Muzeyi, tarix-diyarşünaslıq muzeyi, yazıçı Mir Cəlal Paşayevin ev-muzeyində eksponatların vəziyyəti ilə tanışlıqdan sonra bu muzeylərin toplularından bərpa və konservasiya olunmuş əşyalardan ibarət sərgi və muzey əməkdaşları üçün seminar təşkil olunub.