Oktyabrın 28-də Bakıdakı “Kempinski” hotelində Türkdilli Ölkələrin və Toplumların II Media Forumu işə başlayacaq.
Mətbuat Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən, İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan nümayəndələr iştirak edəcək.
Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər.
Forumun ikinci iclasında iki panel mövzu (türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici rolu və türkdilli xalqlar yaşayan bölgələrdə sosial medianın vəziyyəti) ətrafında müzakirələr aparılacaq.
Forumun üçüncü iclası ötən ilin dekabrında Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda yaradılmış Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin qarşıda duran vəzifələri müəyyənləşdiriləcək.