Noyabrın 4-də Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan «Fusion doll» Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Bakıda keçirilən Beynəlxalq Kukla Teatrı Festivalı böyük marağa səbəb olub.
   
   Festivalda 16 ölkənin təmsil olunması da bunun göstəricisidir. Nazir festivalda iştirak edən ölkələrə və beynəlxalq teatr təşkilatlarına minnətdarlığını bildirdi: “Sevindirici haldır ki, bu tədbir yeni bir mədəniyyət layihəsi ilə üst-üstə düşür: bu, «Fusion doll» Beynəlxalq Kukla Biennalesidir”.
   Kukla sənətinin qədim tarixi olduğunu bildirən nazirin sözlərinə görə, son vaxtlar dünyada bu sənətə maraq artmaqdadır: “Dünyanın bir sıra ölkələrində (Britaniyada, Rusiyada, Fransada və s.) kukla sənəti qalereyaları var. Bu ölkələrin özünəməxsus sənət aləmi mövcuddur. Beləliklə, bu sənət getdikcə populyarlıq qazanır. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılmış bu sənət növü digər sənət əsərləri sırasında özünə layiq yer tutub. I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi nüfuzlu təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə əməkdaşlığa cəlb etməkdən ibarətdir. Beləliklə, bu tədbir Azərbaycan tamaşaçısına geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış olmaq fürsəti verir”.
   Nazir qeyd etdi ki, biennaledə 9 ölkədən 19 kukla ustası iştirak edir. Bu sıraya Azərbaycan, Rusiya («Vaxtanov» qalereyası), Belarus, İtaliya, Fransa, Çexiya, Latviya (Riqa kukla muzeyi), Niderland, Ukrayna daxildir.
   Çexiya Kukla Birliyinin nümayəndəsi Yelena İlina çıxış edərək son illər dünyada müəllif kuklalarına marağın artdığını diqqətə çatdırdı. Belə bir mədəni tədbirin təşkil olunmasına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi.
   «Dünya kuklaları» Fondunun direktoru Olqa Laxina da Azərbaycan tərəfin bu təşəbbüsünü yüksək dəyərləndirdiyini dedi: «Bütün iştirakçılar adından biennalenin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm”. O, Bakıda I Beynəlxalq Kukla Teatrı Festivalının təşkilinə görə “Dünya kuklaları” Fondu adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlıq məktubunu təqdim etdi.
   Muzey Mərkəzinin direktoru Liana Vəzirovaya isə Moskvadakı «Vaxtanov» kukla qalereyasının diplomu təqdim edildi.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Beynəlxalq Kukla Biennalesinin iştirakçılarına diplomlar və fəxri fərmanlar təqdim etdi.
   Sonra nazir sərginin rəmzi lentini kəsdi və sərgiyə baxış keçirildi. Bir-birindən gözəl əl işi sənətini özündə əks etdirən müəllif kuklaları ilə zəngin bu sərgi yaddaşlardan uzun müddət silinməyəcək.
   Qeyd edək ki, noyabrın 10-dək davam edən biennaledə ölkəmizi Bakıdakı “Çeşmə” Mədəniyyət Mərkəzinin nəzdində ilk özəl kukla muzeyinin yaradıcılarından olan Elmira Abbaslı, Azərbaycanda konseptual və art-kukla sənətinin baniləri Pərviz Hüseynov və İrina Qundorina, peşəkar heykəltəraş, akademik məktəbin nümayəndəsi Tamilla Qurbanova təmsil edib. Bu müəlliflərin işləri həm Azərbaycanda, həm də Rusiya, Fransa, Çexiya, İngiltərə və ABŞ-da xüsusi kolleksiyalarda saxlanılır.
   Sərginin iştirakçıları arasında “DA ART” studiyasının şagirdləri - Fərəh Əliyeva, Nübar Şahbazova, Fidan Salahova və Alina Yusupova da vardı.
   
   Mehparə