Noyabrın 4-də Milli Kitabxanada OCLC «Onlayn Kompyuter Kitabxana Mərkəzi» qeyri-kommersiya təşkilatının MDB ölkələri üzrə koordinatoru Reyn Van Haldrop və satış üzrə baş mütəxəssis Vivien Kuk tərəfindən respublikanın aparıcı kitabxanalarının mütəxəssisləri üçün beynəlxalq seminar keçirildi. «OCCL: üzvlük və servislər yeni erada» adlı seminarı kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanda bu işə böyük maraq olduğunu bildirdi. Onun sözlərinə görə, dünyanın 100-dən artıq ölkəsi bu layihənin üzvüdür. Azərbaycanın da bu layihəyə qoşulması üçün işlər başlanıb.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov OCLC-nin məqsəd və vəzifələrindən söhbət açdı: “Müasir, qloballaşma dövründə əsas strateji resurs sözsüz ki, informasiyadır. Azərbaycandakı kitabxanaların əksəriyyəti regionlarda yerləşir. Bu təşkilat kitabxana sahəsində olan bir çox problemlərin həllində bizə yardımçı olacaq. Azərbaycan bu sistemdən bəhrələnməlidir. Avtomatlaşdırılmış kitabxana şəbəkəsinin yaradılması, saxlanılması və idarə olunmasında bu təşkilatın xüsusi rolu var».
   Seminarın ikinci günü isə digər kitabxanalarda da qonaqlarla görüşlər keçirildi.
   
   Gülər