Macarıstanın paytaxtı Budapeştdə ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə “Azərbaycan gecəsi” keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyinin Macar Coğrafiya Cəmiyyəti və Macar Mühəndislər Cəmiyyəti ilə birlikdə təşkil etdiyi tədbirdə hər iki cəmiyyətin üzvləri, bir sıra tanınmış macar alimləri, Azərbaycan diasporunun nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfirliyin müşaviri A.İmanov çıxış edərək Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, coğrafiyası, hazırkı siyasi-sosial durumu, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri haqqında iştirakçılara ətraflı məlumat verib.
Macar Coğrafiya Cəmiyyətinin üzvü, səyyah, jurnalist və fotoqraf Gogoş Norbert və macar alimi xanım Borbola Obruşanska Azərbaycan haqqında təqdimatla çıxış etmişlər. Onlar bu il Azərbaycana səfərlərinin təəssüratlarından danışıblar. Həmin təəssüratlar xanım B.Obruşanskanın “Azərbaycan” kitabında əksini tapıb. G.Norbert isə Macar Coğrafiya Cəmiyyətinin jurnalında bu ilin dekabr ayından başlayaraq geniş fotoreportajlarla müşayiət olunan 12 məqalə çap etdirməyi planlaşdırır.
Eyni zamanda, Macar Coğrafiya Cəmiyyətinin təşəbbüsü ilə gələn ilin yayında əsasən cəmiyyət üzvlərindən ibarət ilk mütəşəkkil qrupun Azərbaycana səfəri təşkil olunacaq.
Böyük maraqla qarşılanan “Azərbaycan gecəsi” zamanı səfirlik tərəfindən ölkəmizlə bağlı macar dilində nəşr olunmuş kitab və bukletlərin sərgisi keçirilib, gecənin iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təklif edilib.