Üzeyir Hacıbəylinin anım günündə bəstəkarın şah əsərinə həsr olunmuş kitabın təqdimatı keçirildi
   
   Noyabrın 23-də dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin vəfatından 63 il ötdü. Həmin gün Üzeyir Hacıbəylinin ev-muzeyində anım tədbiri və TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyədə işıq üzü görən “Altın çağın incisi “Koroğlu” kitabının təqdimat mərasimi keçirildi.
   
   “Koroğlu” operasına həsr olunmuş kitabın müəllifi Azərbaycanın Əməkdar incəsənət xadimi, Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadədir. Türk və ingilis dillərində çap edilmiş kitabın ön səhifəsində Türkiyə prezidenti Abdullah Gülün və Azərbaycan prezidenti İlham Əliyevin Üzeyir Hacıbəyli yaradıcılığı haqqında, eləcə də “Koroğlu” operası barədə dəyərli fikirləri yer alıb. Kitabın ön söz müəllifi TÜRKSOY-un baş katibi Düsen Kaseinovdur.
   Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Üzeyir Hacıbəylinin xatirə günündə təqdim olunan kitabın əhəmiyyətindən danışdı: «Azərbaycan xalqı Üzeyir bəyi heç vaxt unutmayıb. Onun dahiyanə əməlləri yaşayır. Üzeyir bəyi sevənlər həmişə onun işığına toplaşır və xatirəsini yad edirlər. Üzeyir bəyin «Koroğlu» operası son bir neçə ildə TÜRKSOY-un xətti ilə türkdilli ölkələrin səhnələrində oynanılıb. “Altın çağın incisi “Koroğlu» kitabı operanın dünya səhnələrində qazandığı zəfəri əks etdirir».
   Tədbirdə çıxış edən kitabın müəllifi Əflatun Nemətzadə bildirdi ki, Üzeyir Hacıbəylinin şah əsəri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstandan 250 sənətçinin iştirakı ilə Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla nümayiş olunub. Kitabda TÜRKSOY-un təşkilatçılığı ilə səhnəyə qoyulan “Koroğlu” operasının tamaşaları haqqında məlumatlar və fotolar yer alıb. Yaxın vaxtlarda kitabın ikinci hissəsi də çap ediləcək. Əflatun Nemətzadə onu da qeyd etdi ki, 2012-ci ildə Roma və Milanda “Koroğlu” operasının nümayişi nəzərdə tutulub. Sonda müəllif “Altın çağın incisi “Koroğlu» kitabını muzeyə təqdim etdi.
   Tədbirdə Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə Üzeyir bəylə bağlı xatirələrini danışdı, uşaqlıq illərindən qalan bu xatirələrin yaddaşına əbədi həkk olunduğunu dedi.
   
   Gülər