Bakıda beynəlxalq elmi konfrans keçirilir
   
   Dekabrın 1-də Bakıda “Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu” adlı beynəlxalq elmi konfrans işə başlayıb. Dekabrın 3-dək davam edəcək tədbirin təşkilatçıları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu, Memarlıq və İnşaat Universiteti və Milli Aviasiya Akademiyasıdır.
   
   Konfransda çıxış edən Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, toplantı Azərbaycanın tarixi reallıqlarının, Qafqaz Albaniyasının bir dövlət kimi Azərbaycanın və bütövlükdə Qafqazın tarixində yerinin və rolunun elmi əsaslandırılması üçün mühüm rol oynayacaq.
   Təhsil naziri Misir Mərdanov qeyd edib ki, konfransın mövzusu Azərbaycan üçün həmişə aktualdır: “Çünki bu gün Azərbaycan ərazisində mövcud olan tarixi abidələrin adlarının özünə qaytarılması istiqamətində çox böyük addımlar atılır. Etiraf edək ki, vaxtı ilə bizi çox aldadıblar, tarixi abidələrlə bağlı Azərbaycan ictimaiyyətinə yalan məlumatlar verilib. Amma tanınmış alimlərimizin apardığı işlər nəticəsində məlum olub ki, bu tarixi məbədlər kimə məxsusdur”.
   Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, Gürcüstan Əlyazmalar Fondunun baş elmi məsləhətçisi Zaza Aleksidze isə deyib ki, Albaniya ərazisi qədim Azərbaycan torpaqlarıdır. O bildirib ki, Azərbaycandakı alban kilsəsinin tarixi erməni kilsəsinin tarixindən daha qədimdir. Alimin sözlərinə görə, bununla bağlı yanlışlığa yol verən ermənilər sonradan üzr istəməyə məcbur olurlar.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, üçgünlük konfransda Qafqaz Albaniyasının tarixi, arxeologiya və memarlığının müxtəlif problemlərinə həsr edilmiş 40-dək məruzə dinləniləcək. Konfransda Britaniya, Almaniya, Rusiya, Yaponiya, Polşa, İtaliya və Gürcüstandan olan alimlər məruzələrlə çıxış edəcəklər.
   
   Qafqaz Albaniyası haqqında film çəkiləcək
   
   Nazir müavini Azərbaycan ərazisində Qafqaz Albaniyası dövrünə aid yüzlərlə abidənin olduğunu deyib. Onların arasında 207 daşınmaz xristian abidəsi var. Əhəmiyyət dərəsinə görə onlardan 3-ü dünya, 70-i ölkə və 134-ü yerli əhəmiyyətli abidə kimi qeydə alınıb və dövlətimiz tərəfindən qorunur. O bildirib ki, Azərbaycan ərazisində olan bütün abidələrin, o cümlədən Qafqaz Albaniyasına aid abidələrin reyestri hazırlanır: “Digər dinlərlə yanaşı, xristian dininə aid abidələrin və kilsələrin bərpası istiqamətində də işlər aparılır”.
   Sevda Məmmədəliyevanın sözlərinə görə, Qafqaz Albaniyası abidələrinin bərpası və Qafqaz Albaniyasına dair filmin çəkilişi nəzərdə tutulur.
   
   Nic kəndinin UNESCO-nun mədəni irs siyahısına salınması təklif edilir
   
   Nazir müavini onu da bildirdi ki, Azərbaycanda udinlərin yaşadığı Qəbələ rayonunun Nic kəndinin ölkəmizin digər mədəniyyət məkanları ilə yanaşı, UNESCO-nun mədəni irs siyahısına salınması təklif edilib. Bu məqsədlə müvafiq sənədlər artıq UNESCO-ya göndərilmiş, hazırda bu istiqamətdə danışıqlar aparılır.
   Mədəniyyət və Turizm Nazirliyi ilə Vatikanın müvafiq qurumu arasında imzalanmış müqaviləyə əsasən, nazirlik tərəfindən Vatikan arxivlərində olan, Azərbaycan tarixinə və Qafqaz Albaniyası dövrünə aid bütün materiallar araşdırılacaqdır. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri dəfələrlə Vatikana ezam olunub və hazırda bu proses davam etdirilir.