Mədəniyyət və turizm naziri forumda çıxış edib, bir sıra görüşlər keçirib
Dekabrın 11-dən 13-dək Qətərin paytaxtı Doha şəhərində BMT-nin Sivilizasiyalar Alyansının dördüncü illik Forumu keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Mədəniyyət və Turizm, Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları daxildir.
Nazir Əbülfəs Qarayev forumun dekabrın 11-də keçirilmiş “Turizm və səyahətlərin sivilizasiyalararası münasibətlərdə rolu” mövzusunda keçirilən sessiyasında çıxış edib. Nazir çıxışında Ermənistanın işğalçılıq fəaliyyətinin turizmin inkişafına ziyan vurduğunu nəzərə çatdırıb.
Ə.Qarayev forumun dekabrın 12-də keçirilən “Münaqişələrin transformasiyası - Xoşbəxt gələcəyin qurulmasında tarixi öyrətməyin rolu” mövzusundakı sessiyasında da çıxış edərək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından söz açaraq onun regionda sülhə mənfi təsirini qeyd edib. Əbülfəs Qarayev çıxışlarında ölkəmizdə 2013-cü ildə keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında iştirakçıları məlumatlandırıb.
Forum çərçivəsində görüşlər
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forum çərçivəsində bir sıra görüşlər keçirib. Onun Qətər Dövlətinin mədəniyyət və incəsənət naziri Hamad bin Abdəl Əziz Kavari ilə görüşündə iki ölkə arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub. Qeyd olunub ki, hər iki ölkədə qarşılıqlı keçirilən mədəniyyət günləri Azərbaycan və Qətər xalqlarının bir-birini yaxından tanımasına və mədəniyyətlərin təşviqinə əlverişli şərait yaradıb.
Mədəniyyət və turizm naziri BMT-nin Sivilizasiyalar Alyansının dördüncü illik Forumu çərçivəsində Dünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai ilə də görüşüb. Görüşdə Azərbaycan ilə təşkilat arasında yüksək münasibətlərin qurulması xüsusi qeyd edilib və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Taleb Rifai qeyd edib ki, DTT mədəniyyətlərarası münasibətlərin inkişafını və turizmin bu prosesdə rolunu dəstəkləyir. O, 2013-cü ildə Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşı olmaqdan məmnunluğunu diqqətə çatdırıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Doha forumunda UNESCO-nun baş direktoru İrina Bokova ilə də görüşüb. Nazir Azərbaycan prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını İrina Bokovaya çatdıraraq ölkəmiz ilə UNESCO arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Görüşdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Əbülfəs Qarayevin daha bir görüşü BMT-nin Sivilizasiyalar Alyansı üzrə yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Xorxe Sampaio ilə olub. Görüşdə Sivilizasiyalar Alyansının Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəstəyi və bu prosesin davam etdirilməsinin perspektivləri müzakirə edilib. Nazir X.Sampaionu 2013-cü ildə keçiriləcək Foruma dəvət edib.