Dekabrın 15-də milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmov son mənzilə yola salındı.
   
   Vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etdilər.
   Mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü. Salonda sənətkarın vaxtı ilə ifa etdiyi unudulmaz xalq mahnıları, həmçinin həzin matəm musiqisi səslənirdi. Qədir Rüstəmovun həmkarları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun bənzərsiz ifalarının pərəstişkarları axın-axın Musiqi Akademiyasının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
   Matəm mərasimini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Qədir Rüstəmovun Azərbaycan muğam ifaçıları arasında öz dəst-xətti olan sənətkar olduğunu bildirdi: “Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası, ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinin inkişafına həsr edən xalq artistini son mənzilə yola salırıq. Qədirin səsini dinləyəndə sanki bir Qarabağ yanğısını, Qarabağ həsrətini duyursan. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb”.
   Vida mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, xalq artistləri Siyavuş Kərimi və Arif Babayev Qədir Rüstəmovun bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə gördüyü fədakar işlərdən danışdılar, sənətkar haqqında xatirələrini dilə gətirdilər.
   Mərhumun ailəsi adından çıxış edən oğlu Rüstəm Rüstəmov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
   Sonra böyük sənətkarın cənazəsi son mənzilə yola salındı.
   Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.
   
   Lalə Azəri