Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri də 20 yanvar günüdür. 1990-cı ilin bu günündə sovet ordusu əliyalın xalqımıza təcavüz edərək oğul və qızlarımızı, ana və bacılarımızı qanlarına qəltan etdi.
   
   Bu tarix həm də qürur günümüzdür. Həmin gün Azərbaycan xalqı nəyə qadir olduğunu bütün dünyaya bəyan etdi, qırılmaz iradəsini göstərdi.
   Artıq 22-ci ildir ki, faciənin ildönümü müxtəlif mərasimlərlə qeyd edilir. Yanvarın 19-da L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçirilən “Unudulmayan tarix” adlı tədbir də bu qəbildən idi. Tədbirin keçirilməsinin əsas məqsədi uşaqlara və gənc nəslə milli azadlığımızın əsasını qoyan, öz qanları ilə müstəqilliyimizi əbədi olaraq şanlı tariximizə yazan şəhidlərin qəhrəmanlıq tarixi barədə bir daha məlumat vermək idi.
   Məktəblilərin çoxluq təşkil etdiyi tədbirdə paytaxtın Suraxanı rayonu 146 saylı məktəbin, Səbayel rayonu 2 saylı musiqi məktəbinin, Yasamal rayonu 2 saylı uşaq incəsənət məktəbinin şagirdləri, həmçinin “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin və Nizami Rayon Mədəniyyət Evinin fəalları iştirak edirdilər.
   Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər lirik notlarla müşayiət olunub zala axdıqca həmin günün ağrı-acısı bir daha yaşanır, şəhidlərin ruhu qarşısında hər kəs ehtiramla baş əyirdi. Məktəblilərin səhnələşdirdikləri “İlham və Fərizə” kompozisiyası, tar, kaman və qanunda ifa olunan həzin musiqilər tədbirə toplaşanlarda zəngin təəssürat yaratdı. Nizami Rayon Mədəniyyət Evinin rəsm dərnəyinin üzvü olan məktəblilər 22 il əvvəl baş vermiş qanlı hadisəyə bu gün öz nəzərləri ilə yanaşaraq fikirlərini rəsmlərlə ifadə edirdilər. Müəllimlər 20 Yanvar günü ilə bağlı qəmgin xatirələrini uşaqlarla bölüşüb həmin gün haqqında onları məlumatlandırdılar.
   Sonda “AYTAM” İctimai Birliyi üzvlərinin ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səsləndi və iştirakçılar muzeyin zəngin ekspozisiyası ilə tanış oldular.
   
   Lalə Azəri