Azərbaycan turizmi ilə bağlı italyan dilində nəşrlər hazırlanacaq
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyaya səfəri çərçivəsində bu ölkənin turizm və idman naziri Pyero Nyudi ilə görüşüb.
   Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, nazir Azərbaycan hökumətinin turizm sahəsinin inkişafına prioritet diqqət ayırması, turizm infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər barədə həmkarına məlumat verib. O, iki ölkə arasında turizm sahəsində mövcud əməkdaşlıq imkanlarının reallaşdırılması məqsədilə italiyalı həmkarını ölkəmizə səfərə, bununla yanaşı, 2012-ci ilin aprelində Bakıda keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisinə dəvət etdiyini diqqətə çatdırıb. Nazir Əbülfəs Qarayev İtaliyanın turizm operatorlarının və turizm çap məhsulları naşirlərinin Azərbaycana səfərlərinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Səfərlərin nəticəsi olaraq, digər məsələlərlə yanaşı, italyan dilində Azərbaycan turizmi ilə bağlı müxtəlif informasiya-təbliğat materiallarının nəşr etdirilməsi də nəzərdə tutulur. Eyni zamanda Azərbaycanın turizm sahəsində təhsil istiqamətində İtaliya ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.
   Nazir Pyero Nyudi münasib zamanda Azərbaycana səfər etməkdən məmnun olacağını, turizm operatorları və nəşriyyat şirkətlərinin səfərlərinin təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, turizm təhsili sahəsində İtaliyanın zəngin təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
   
   İncəsənət və kinematoqrafiya sahəsində əməkdaşlıq müzakirə olunub
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın mədəniyyət naziri Lorentso Ornaqi ilə də görüş keçirib. Nazir iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrə diqqət çəkib, bu zəmində mədəni əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini qeyd edib. O, Azərbaycanda mədəniyyət infrastrukturunun bərpasında İtaliya şirkətlərinin və mütəxəssislərinin iştirakından məmnun olduğunu bildirib.
   Əbülfəs Qarayev həmkarına cari ildə İtaliyada keçiriləcək Azərbaycan mədəniyyəti günləri və Heydər Əliyev Fondu tərəfindən İtaliyada təşkil ediləcək Azərbaycanın müasir incəsənət sərgisi haqqında məlumat verib. Yaxın illərdə İtaliya ilə həyata keçirilməsi nəzərdə tutulan incəsənət, musiqi və kinematoqrafiya sahələrində bir sıra əməkdaşlıq layihələri barədə danışıb. Nazir italiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.
   Nazir Lorentso Ornaqi Romada “Azərbaycan: İpək Yolu üzərində Odlar Yurdu” sərgisinin açılmasından məmnun olduğunu bildirib, İtaliyada Azərbaycan mədəniyyətinə, xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini müxtəliflik və tolerantlıq kontekstində dərin maraq göstərildiyini vurğulayıb. O, incəsənət, musiqi, kinematoqrafiya, mədəni abidələrin bərpası və digər sahələrdə əməkdaşlığın vacibliyini təsdiq edərək, bu istiqamətlərdə Azərbaycan tərəfi ilə birgə işləməyə davam edəcəklərini diqqətə çatdırıb.