Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları Xocalı faciəsi ilə bağlı dəhşətli faktları, erməni qoşunlarının vəhşilikləri, amansızlıqları, bir gecəyə şəhərin yerlə-yeksan edilməsi haqqında söz açıblar.
   Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mahir Hümbətov tariximizin qanlı səhifəsi olan bu faciənin heç vaxt unudulmayacağını vurğuladı. Gənc nəsli Azərbaycanın tarixini dərindən öyrənməyə və xalqın faciələrini bir vətəndaş kimi qəlbində yaşatmağa çağırdı.
   Tədbirdə Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının şagirdləri Nazlı Əliyeva, Şəms Abbasova və Elnur Hüseynov Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər. Azərbaycan Milli Konservatoriyasının məzunu Etibar Abdullayevin ifasında “Humayun” muğamı səsləndi. Tədbir boyu faciəni əks etdirən fotolar nümayiş olundu.
   Tədbirdə həmçinin Xocalı faciəsi ilə bağlı xarici mətbuatda dərc olunan materiallardan parçalar oxundu.
   
   Reyhan