Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təntənəli mərasimdə iştirak edib
   
   2010-cu il sentyabrın 16-17-də İstanbulda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Sammitində Qazaxıstan Respublikasının Astana şəhəri 2012-ci il üçün “Türk Dünyası Mədəniyyət Paytaxtı” seçilib. “Türk Dünyası Mədəniyyət Paytaxtı” layihəsi türk mədəniyyətinin araşdırılması, inkişaf etdirilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərən TÜRKSOY tərəfindən irəli sürülmüş və sammitdə yekdilliklə dəstəklənmişdi.
   
   Fevralın 24-də Astana səhərində «Astana - Türk Dünyası Mədəniyyət Paytaxtı-2012» ilinin açılışı münasibətilə qala-konsert formatında təntənəli tədbir keçirilib. TÜRKSOY və Qazaxıstan dövlətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Rəşad Əliyev və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi daxil idi.
   Astanadakı “Sülh və anlaşma” sarayında keçirilən təntənəli mərasimdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, TÜRKSOY-un hazırkı koordinatoru, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şimali Kipr Türk Cümhuriyyətinin turizm, ətraf mühit və mədəniyyət naziri Ünal Üstel, Başqırdıstan Respublikası (Rusiya Federasiyası) baş nazirinin müavini Salavat Sagitov, Türk Şurasının baş katibi Xəlil Akınçı, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibinin müavini Kürşad Melih Sarıarslan, 2013-cü ildə “Türk Dünyası Mədəniyyət Paytaxtı” ünvanını qəbul edəcək Əskişəhərin valisi Kadir Koçdemi və Əskişəhər bələdiyyə başqanı Yılmaz Böyükerşen, Qazaxıstanın hökumət nümayəndələri, parlament üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.
   Tədbirin açılışında Qazaxıstanın mədəniyyət naziri Darhan Minbay və TÜRKSOY-un dönəm koordinatoru Ərtoğrul Günay çıxış ediblər. Darhan Minbay türk xalqlarının bir-biriləri ilə qaynayıb-qarışmasına, bir araya gəlməsinə xidmət edən “Astana - Türk Dünyası Mədəniyyət Paytaxtı - 2012» ili çərçivəsində 20-dən çox tədbir keçiriləcəyini qeyd edərək, ortaq dəyərlərimizin təbliği istiqamətində bundan sonra da səy göstərəcəklərini deyib.
   Ərtoğrul Gunay isə öz növbəsində Asiyanın parlayan ulduzu olan Astananın “Türk Dünyası Mədəniyyət Paytaxtı” elan edilməsindən qürur duyduğunu bildirərək, bu münasibətlə ilboyu türk dünyası sənətçilərini, elm adamlarını və ziyalıları qəbul edəcək Qazaxıstana, qonaqsevər qazax xalqına təşəkkürünü bildirib. “Türk Dünyası Mədəniyyət Paytaxtı” estafetini gələn il Astanadan Əskişəhərin qəbul edəcəyini deyən nazir bu tədbirlərin qardaş türk xalqlarını daha da yaxınlaşdırdığını vurğulayıb.
   “Astana - Türk Dünyası Mədəniyyət Paytaxtı - 2012” ilinin açılışına həsr olunmuş qala-konsertdə TÜRKSOY-a üzv digər ölkələrin 250-dən çox sənətçisi - Qazaxıstan «Naz» Dövlət Rəqs Teatrı, «Kerulen» Folklor Musiqi Qrupu, «Sak» Etnik Musiqi Qrupu, Azərbaycandan Fikrət Əmirov adına Dövlət Musiqi və Rəqs Ansamblı, Tuvadan (Rusiya) solist Yevgeni Sarıqlar, Başqırdıstandan Fayzi Gaskarov, Türkiyədən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Qaqauz Yerindən solist İqor Podgoreanu, Tatarıstandan «Sornay» Tatar Folklor Etnoqraf Ansamblı, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti, Xakasiya, Ukrayna, Qırğızıstan, Altaydan musiqi qrupları və solistlər iştirak ediblər.
   “Astana - Türk Dünyası Mədəniyyət Paytaxtı - 2012” ilinin açılışına təşrif buyurmuş qonaqlar 2010-cu ildə bu şəhərdə açılan Türk Akademiyasını da ziyarət ediblər. Akademiyanın rəhbəri Şakir İbrayevin iştirakı ilə Türk Dünyası Əl Sənətləri Muzeyinə və Türk Akademiyasının kitabxanasına baş çəkən heyət daha sonra TÜRKSOY-un rəsm sərgisinin və türk dünyası milli geyimləri moda nümayişinin açılışında iştirak edib. Sərgi zalında TÜRKSOY-un stendinə də baş çəkən ziyarətçilər burada nümayiş etdirilən nəşrlərə böyük maraq göstəriblər.
   
   Mehparə Sultanova