Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında M.F.Axundzadənin büstü ucaldılacaq
   
   Martın 12-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev respublikamızda işgüzar səfərdə olan M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyətini qəbul edib. Nümayəndə heyəti Azərbaycana Heydər Əliyev Fondunun dəstəyi ilə səfər edib.
   
   İnformasiya cəmiyyəti şəraitində yeni inkişaf mərhələsinə qədəm qoymuş kitabxanaların rolunun getdikcə artdığını vurğulayan Vaqif Əliyev ölkəmizdə kitabxana sahəsinin inkişafından söz açıb. Qeyd olunub ki, 2008-ci ildə qəbul olunmuş Dövlət Proqramı kitabxanaların inkişafına güclü təkan verib. Vaqif Əliyev Azərbaycanla Rusiya arasında kitabxana işi sahəsində əməkdaşlığın uğurla davam etdiyini nəzərə çatdırıb.
   Öz növbəsində M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Geniyeva bu əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb, bilinqvistik layihələrin hazırlanması, tərcümə işinin müasir tələblərə çatdırılması sahəsində əməkdaşlıq imkanlarından danışıb. O, kitabxanada yaradılan “Azərbaycan guşəsi”nin fəaliyyətini xüsusilə qeyd edib və bildirib ki, bu il görkəmli Azərbaycan dramaturqu M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar kitabxananın xiyabanında onun büstü açılacaq. Baş direktor Azərbaycan nümayəndə heyətini həmin tədbirə dəvət edib.