Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Milli Kitabxanasında “Çingiz Aytmatov-türk ruhunun təntənəsi” kitabının təqdimatı və “Odlar yurdu-Azərbaycan” mövzusunda kitab sərgisi keçirilib. Dünya şöhrətli yazıçının 85 illiyi münasibətilə hazırlanan kitabın təqdimatında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, millət vəkili Sədaqət Vəliyeva, Qırğızıstan rəsmiləri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov diqqətə çatdırıb ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan və qırğız dillərində çap edilən kitabda Anar, Nizami Cəfərov, Oljas Suleymenov, İsa Həbibbəyli, Şahmar Əkbərzadə və digər Azərbaycan, rus, qazax, qırğız ədib və alimlərinin Çingiz Aytmatov haqqında məqalə və xatirələri toplanıb. Kitaba “Ön söz”ü Hidayət Orucov yazıb.
Mərasimdə çıxış edən Qırğızıstan parlamentinin komitə sədrləri Kanıbek Osmonaliyev, Kanıbek İmanaliyev, ölkənin mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov, Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Abdıqanı Erkebayev və Çingiz Aytmatovun oğlu Askar Aytmatov kitabı böyük ədibin ruhuna yüksək ehtiram kimi dəyərləndiriblər.