Şərqin böyük elmi, fəlsəfi, dini yaddaşı hopmuş Cavid yaradıcılığı hər aspektdən mükəmməldir

Dünya, aləm başdan-başa gözəlliklərlə doludur. Yalnız ətrafa nəzər salmaq, təbiətdəki gözəllikləri görmək və duymaq, bir də hər zaman insanı düşündürən mütəfəkkir ədib Hüseyn Cavidin yaradıcılığını sevərək və anlaya-anlaya oxumaq lazımdır. Təbiətdə və insandakı gözəlliyi görən, duyan və bu gözəlliklərdən zövq alan sənətkar nə yazıbsa, gözəllik və sevgiyə tapınaraq yazıb. Onun gözəllik və sevgiyə tapınmağı həqiqət axtarışlarından başlayır.

Cavidi yalnız “gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığın izi ilə axıra qədər başa düşmək olar. Onun bütün yaradıcılığı insanda, təbiətdə və dünyada gözəllik axtarışlarıdır. Bir şair kimi Cavid bütün şeirlərində gözəlliyin (əlbəttə, geniş fəlsəfi mənada) pozulan qaydalarını nizama salmaqla məşğuldur”.
Əslində klassik romantik düşüncənin əsas kredosu və estetik devizi eşq və gözəllik idi. Mövlana Məhəmməd Füzuli yazırdı:

Məndən, Füzuli, istəmə əşarü-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.


İbn Sina eşqin mahiyyəti haqqında risaləsində yazır ki, “Sevgiyə Xeyir və Gözəllik ilahəsi kimi baxılır və o, xeyrin qaynağı sayılır. İnsandakı bu keyfiyyət onu haqq yoluna qovuşdurur”.

“Mən gözəllərdə gözəl ruh ararım...”

Dünyaya sevgi və məhəbbətin gözü ilə baxan Cavid öz sənət kredosunu “Mənim tanrım gözəllikdir, sevgidir” şəklində ortaya qoyurdu. O, gözəlliyi duyan insan qəlbinin eşqsiz olmadığına, eşqi insanın iç dünyasını paklaşdıran, kamilləşdirən bir güc, qüvvə olduğuna inanırdı. Necə ki böyük Nizami deyirdi: “Eşq düşsə daşın da qəlbinə əgər, Gövhərdən özünə məşuq düzəldər”. Əgər Eşq Allahın insanlara təqdiri, vergisidirsə, Gözəllik Allahın insana olan sevgisidir. Demək, təbiətdəki bütün gözəlliklər Yaradanın eşqlə yaratdığı təbii lövhələrdir və bu gözəlliklər insana xidmət edir.
Sufizmdə Allaha yetmək, mütləq eşqə qovuşmaq, Allah eşqinə cəzb olmaqdır. Gözələ “məna gözü ilə baxan” Cavid yaradıcılığında da sevgi və gözəllik Allah səviyyəsindədir. Gözəlliyə aşiq, sevən insanın yolu özünüdərkdən keçir, kamilləşir. Eşq gözəlliklə vəhdətdə daha kamildir, çünki gözəllik həqiqətdir. “Gözəllik Allah simasının aynasıdır”, - deyən Füzulidə olduğu kimi, Caviddə də eşq və gözəllik fəlsəfi mahiyyətdədir.
Cavidin gözəllik meyarı bilavasitə ruha bağlıdır. Şair-dramaturq “Peyğəmbər” əsərində Peyğəmbərin dilindən belə deyir:

Mən gözəllərdə gözəl ruh ararım,
Ruhu düşkünləri çirkin sayarım.


Yəni şair o insanı gözəl sayırdı ki, onun daxili də zahiri qədər gözəl olsun, “zahirlə batin” bir-birini tamamlasın, “camalı ilə kamalı” eyniyyət təşkil etsin. Çünki əsas cismin (simanın) deyil, ruhun gözəlliyidir. “Böyük amala, yüksək estetik ideala malik sənətkarın həyatdan, insanlardan umduğu ruhu ilə gözoxşayan gözəllikdir”.
Cavid gözəlliyin batininə enirdi, onun daxili mahiyyəti daha önəmli idi. O, mütləq gözəllik, ideal gözəllik axtarırdı.

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.


Onun Tanrı səviyyəsində gördüyü gözəllik insanların humanizmlə köklənməsinə xidmət edirdi. Çünki şair ən bakir idealları təbliğ etməklə gözəllik və sevginin dünyanın xilasına, bu iki məfhumun cəmiyyəti tənzimləyən qüvvə ola biləcəyinə inanırdı.
Hər bir fərdin mənəvi dünyasının pak və təmiz olması, sevgi ilə vurması cəmiyyətin qazancıdır. Cəmiyyətdəki fərdlərin xeyir əməllər və işıqlı arzularla yaşaması ümumi inkişafdır, mühitin saflığıdır. Böyük sənətkarı hər zaman cəmiyyətdə gedən proseslər düşündürüb, onu narahat edib və bunun həlli yollarını axtarıb. Bu səbəbdən o, insanlar arasında mənəvi körpü salmaq üçün onları sevgi və məhəbbətə, gözəllikdən ilham almağa çağırıb.
Sevən insan mərhəmətlidir. İnsanı sevən Allahı da sevər. Allahı sevən insan mənəvi cəhətdən zəngin olar. Gözəllik səbəbdirsə, sevgi nəticədir. Sevginin nəticəsi isə insanlıqdır, həqiqətdir, ucalıqdır. Gözəllik varlığın keyfiyyətcə təzahür hadisəsidir. Gözəllik hüsn obyektidir, eşq isə gözəlliyə olan münasibətdir. İnsanları kamil görmək istəyən ədibin inadla təbliğ etdiyi məhəbbət ideyası kamilliyin açarıdır. İnsanın kamilləşməsi üçün eşq və gözəllik yolundan saflaşaraq kamilliyə doğru yol aldığına inanan şair gözəllik deyəndə uca eşqi, eşq deyəndə isə gözəlliyi düşünürdü. Rus mütəfəkkiri A.F.Losevin dediyi kimi, “Sevmək yüksəlməkdir, sevən insan dahidir”.
Yetər ki, insanlar kainatdakı, təbiətdəki və insandakı gözəlliyi duysunlar, gözəlliklərdən zövq alaraq böyük eşqlə sevməyi bacarsınlar, yəni kamilləşsinlər, bu sevgidən kənar qalmasınlar, gözəllik və sevgini uca tutsunlar. Bu ucalığa çatmaq üçün saflaşa-saflaşa, odlar, alovlar ayaqlaya-ayaqlaya, mənəvi cəhətdən durula-durula sevərək kamilləşsinlər. Gözəllik və sevgini həqiqət kimi dərk etsinlər. Dünyada ən saf şey sudursa, o da torpağın altından, daşların dibindən saflaşa-saflaşa, durula-durula üzə çıxır. “Sevgi üfüq kimidir, hər an səni əl eyləyib çağırır, sən yaxınlaşdıqca o uzaqlaşır”, səni yüksəklərə səsləyir.
Həqiqətə çatmaq üçün insan sevərək yüksəlməyə, özünüdərkə qədəm qoyur. Əgər sevgi insanın özünü dərk etməsinə köməkdirsə, gözəllik ucalığa, ülviyyətə, həqiqətə çatmaq üçün göstərilən cilvədir. Məsələn, “Şeyx Sənan”da Sənanın kamilləşməsi Xumara olan eşqindən keçir, Şeyx Xumarın eşqiylə həqiqətə çatır. Onların “mənəvi qələbə”si “mütləq həqiqətin dərki” və “təntənəsi” idi. Bu yüksəliş Allaha çatmaq və Allahda var olmaq, həm də Allahda yox olmaq idi. “Qəlbi bəsirətlə aydınlananların “Tanrı nurunda aşiyan tapması” idi.
Özünü hüsni-xuda şairi adlandıran, hüsni-xudanı vəsf edən Cavid insanları hökmlə Göyə çağırırdı:

Buraxıb əczi, durmadan yüksəl!
Yüksəl, ey şanlı qəhrəman, yüksəl!


Göy Peyğəmbəri, Peyğəmbər yerdəkiləri haqqa çağırırdı:

Kim yol azmışsa, haqqa doğru çağır
Nərdivanlar yapıb könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!


“Məni hər kim sevirsə, yüksəlsin!” - deyən “göylər şairi” beləcə insanları yüksəlişə, özünüdərkə səsləyirdi.

“Söz və fikir zadəganı”

Şərqin böyük elmi, fəlsəfi, dini yaddaşı hopmuş Cavid yaradıcılığı hər aspektdən mükəmməldir.
Romantiklər hər zaman məhəbbətlə dini bir-birinə yaxın hesab ediblər, çünki hər ikisinin cövhəri saflıq və paklığa bağlıdır, onlar mahiyyət etibarı ilə eyni qaynaqdan qidalanır. Hər ikisi öz başlanğıcını məftunluq, heyranlıq və şövqdən alır.
Özünüdərkə gedən yol şəriətdən keçərək təriqətə, təriqətdən mərifətə, mərifətdən isə Həqiqətə yol alır. Cavid də şəriət yolundan keçərək təriqətə, təriqətdən mərifətə və buradan da Həqiqət yoluna qədəm qoyan arif, mütəfəkkir sənətkardır. Həqiqətdən isə ötə yol yoxdur. Həqiqət çox rahatlıqla dərk olunmur. Cavid həqiqəti kimi...
1923-cü ildə professor Əziz Şərif mətbuatda Hüseyn Cavid haqqında məqaləsində yazırdı ki, tarix hələ Hüseyn Cavidə əl vurmayıb. Tarix qulaq asır və gözləyir.
Nə yaxşı ki, tarixin az da olsa, susmağa, qulaq asmağa və gözləməyə səbri çatıb. Nə yaxşı ki, “şairimiz bir tərəfdə oturub” şedevr əsərlərini yaradıb.
Doğrudur, “tarixin qulaq asıb, gözlədiyi” zamanda tənqidçilər susmayıb. Hər kəs şairin bostanına daş atıb, bəziləri onu “köhnə mövzu”lara müraciət etməkdə günahlandırıb, bəziləri sovetlərə qulluq göstərmədiyinə görə qınayıb, “doğru” yola dəvət edib, bəziləri onu mövzularını İrandan, Turandan seçdiyi üçün, bəziləri isə Cavid “bir “Şeyx Sənan”, bir “Peyğəmbər” yaratmağa qeyrət etdiyi” üçün tənqid edib. Biri “köhnə şair”ə “dilini sadələşdirməsini”, digəri isə “sosializm qatarına oturmağı” məsləhət görüb.
Yaşamı boyu həqiqət axtarışında olan, böyük ideallar şairi hər deyiləni dinləsə də, özünəməxsusluğundan əl götürməyib, çünki o, nədən və necə yazdığını bilirdi: “Nədən yazmağın məsuliyyətini həmişə yadda saxlamaq lazımdır ki, beşgünlük olmasın. Yazının tərzi vaxtı ötəndən sonra köhnə görünə bilər. Bu, qorxulu deyil. Qorxulusu odur ki, mövzuların günün hay-küyü ilə bağlı olsun və hay-küy yatan kimi də unudulsun. Məsələn, baxın, indi Çan Kay Şidən yazırlar, şeir də həsr eləyirlər ona. Ancaq görərsiniz, çox keçməyək ki, o yazıların çap olduğu qəzet-jurnalın vərəqləri yalnız əl silməyə yarayacaqdır”.
Üzərindən uzun bir müddət keçsə də, ədibin böyük bir uzaqgörənliklə söylədiyi sözlər bu gün öz təsdiqini tapır. Belə ki, müəyyən bir dönəm üçün yazanların adı tarixin üz qaraları, utancları kimi xatırlanırsa, ədəbiyyatımızın Allahsızlıq ilə qürurlandığı məlum 30-cu illərdə heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə baxa-baxa, ölümlə dilləşə-dilləşə “Peyğəmbər”, “Seyx Sənan”, “Xəyyam”, “Səyavuş”, “Azər” yaradan, “bu millətə həqiqəti dadızdırmaq”, həqiqəti anlatmaq yolunda yazan mütəfəkkir bizlərə yoldaşlıq edir.
Cavid yalnız ilhamına söykənmiş dahi sənətkar deyil, həqiqətlər barədə öz konseptual baxış tərzi olan, millətinin istiqbalını və istiqlalını düşünən, ədəbiyyatda “bambaşqa bir cihan” yaradan mütəfəkkirdir. O, Azərbaycanın söz, fikir sənətkarı olmaqla yanaşı, həm də örnək ola biləcək ərdəmli, əqidəli şəxsiyyətlərindəndir.
Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur: “Siz “Həzrəti insan”sınız. Özünüzü tanıyın. Hər şey sizdə başlayır. Məxluqatın onurğa sütunu olduğunuzu unutmayın.
İnsan həm yoldur, həm yolçu. Yolçu yolu tanımaq istəyirsə, özünü tanımalıdır. Məziyyətlərini, üstünlüklərini, alışqanlıqlarını, məsuliyyətlərini, hüquqlarını...”
“Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı” Hüseyn Cavidin yaradıcılığı uzun illərdir “həm yol, həm yolçu olan insana özünü tanımaqda”, “məziyyətlərini, üstünlüklərini, alışqanlıqlarını, məsuliyyətlərini, hüquqlarını...” öyrətməkdə, bir sözlə, “yolu tanımaq istəyən yolçuya” özünüdərkdə bələdçilik etməkdədir və dünya var olduqca da bu müqəddəs missiyaya xidmət edəcəkdir.

Lütviyyə Əsgərzadə,
Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent