Ansambl maraqlı konsert proqramı ilə çıxış etdi

Dekabrın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblının konserti keçirildi. Proqram 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilmişdi.
Konsertdə müxtəlif yaşlı solistlərin ifasında "Rast rəngi", "Şüştər rəngi", Ələkbər Tağıyevin "Azərbaycan", "Azərbaycan oğluyam", "Mən baharın qızıyam", Andrey Babayevin "Nazəndə sevgilim yadıma düşdü", Musa Mirzəyevin "Yeni il gəlir", Səid Rüstəmovun "Bakının maralısan", Emin Sabitoğlunun "Axtararsınız" mahnıları ifa olundu. Gecədə həmçinin "Uzundərə" rəqsi, xalq mahnıları "Sarı bülbül", "Şuşanın dağları", "O nə xaldı yanağında", "Küçələrə su səpmişəm", "Yaylaq" və popuri təqdim edildi.
Qeyd edək ki, Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblının solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini uğurla təmsil ediblər. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Onlar muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Ansambla Bakının müxtəlif musiqi məktəblərindən şagirdlər həvəslə maraq göstərir və ansamblın fəaliyyətində yaxından iştirak edirlər.

Fariz Hüseynov