“Əvvəllər elə bilirdim ki, dirijorluq 30 yaşdan sonra başlayır. 40 yaşım olandan sonra fikirləşdim ki, 40-dan sonra, 50 yaşdan sonra isə düşünürəm ki, hər şey bundan belə baş verəcək”.

Kimdir dirijor? Dirijor o insandır ki, pult arxasında olanda ifa edilən musiqi əsərini yaşayır, orkestrin bütün üzvlərinə nəzarət edərək onları düzgün istiqamətə yönəldir, əsərin gözəl şəkildə ifa olunmasını təmin edir. Dirijor əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir.
Dirijorluq məktəbimizin layiqli davamçılarından biri də Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovdur. Bu günlərdə 55 yaşını qeyd edən maestro ilə görüşüb, ömür yoluna, sənət dünyasına nəzər saldıq.


- 55. Bu iki 5 arasında özünüzü necə hiss edirsiniz?
- İnsan bəzən yaşının artdığını hiss etmir. Məncə, bu illər ərzində çox şey dəyişməyib, sadəcə, məsuliyyət hissi artıb. Çünki insan yaşa dolduqca xalqı, milləti qarşısında mənəvi borc və məsuliyyəti artır. Bu illərdə fəal olmağa çalışmışam. İndi daha çox iş görmək istəyirəm. Məqsədim Azərbaycan klassik musiqisini dünyada təbliğinə töhfə verməkdir. Musiqimiz dünyanın hər bir guşəsində tanınır. Noyabrın 19-da Cənubi Afrika Respublikasından (CAR) səfərdən qayıtmışam. Artıq orada da Azərbaycan musiqisi səslənir. Keyptaun, Yohannesburq və Pretoriya şəhərlərində ilk dəfə konsertlərimiz oldu. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Niyazi, Vasif Adıgözəlov və digər sənətkarlarımızın əsərləri səsləndi. Sentyabrın 12-də İtaliyanın Verona şəhərində dünyada məşhur olan “Arena Di Verona” amfiteatrında konsert proqramı ilə çıxış etdik. İtaliyanın tanınmış simfonik orkestri - “Orchestra Italiana del Cinema” ilə on min tamaşaçı qarşısında Azərbaycan musiqisini səsləndirdik. Bundan əlavə, Çin, Böyük Britaniya və başqa ölkələrdə konsertlərimiz oldu. Yaxın günlərdə yenidən Londona səfərimiz var. Orada maestro Niyazinin xatirəsinə həsr edilmiş konsert proqramı ilə çıxış edəcəyik. Proqramda yalnız maestronun əsərləri səslənəcək. Bütün bunlar mənim həyatımın əsas məqsədi və ayrılmaz hissəsidir. Babam da, əmim də, atam da bütün ömürlərini Azərbaycan musiqisinə həsr ediblər. Bu səviyyəni aşağı salmağa haqqım yoxdur. Bu yolu davam etdirmək mənim üçün həm şərəf, həm də məsuliyyətdir.
- Sənətə gəlişiniz necə oldu?
- Bu haqda düşünməyə, seçim etməyə imkanım olmadı. Gözümü açandan musiqi və sənətlə böyüdüm. Atamın dostları bəstəkarlar, rəssamlar, şairlər idi. Mühitdən çox şey asılıdır. Mən elə bilirdim ki, davamçı olmalıyam və oldum da. Heç kim mənə seçimimdə təsir göstərməyib. Qardaşımla musiqi məktəbində oxuyurduq. O, həkim oldu, mən isə musiqiçi. Sənət seçimində, məncə, heç bir təsir olmamalıdır. Mən özüm də uşaqların sənət seçiminə mane olmadım. Qızım həkim, oğlum mühəndislik oxuyur. Bilmirəm bundan sonra ailədə musiqiçi kimi yetişən olacaq, ya yox. Bunu zaman göstərəcək. Valideynlər övladlarının həyat tərzinə bir az qarışa bilərlər, amma çox yox. Əgər insan kiminsə taleyinə qarışırsa, sonra mütləq bir gün buna görə cavab verməli olur. Bu, çox incə məsələdir. Sənət seçimimdə necə azad olmuşamsa, çalışıram ki, övladlarımla da bu cür rəftar edim. Məsləhət verə, yol göstərə bilərəm, amma birbaşa onlara qadağa qoymağa valideynin haqqı yoxdur. İçimdən keçsə də, onlar başqa yol seçdilər.
- Dirijor kimi ilk konsertinizi necə xatırlayırsınız?
- İlk konsertim 1984-cü ilin dekabr ayında Daşkənddə olub və onu çox gözəl, unudulmaz anlarla xatırlayıram. Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra sənədlərimi Moskva Dövlət Konservatoriyasının dirijorluq fakültəsinə vermişdim. Birinci il kəsildim. Tanrı məni sevirmiş. Çünki həmin il qəbul olsaydım, istədiyim pedaqoqdan təhsil ala bilməyəcəkdim. Kəsildiyimə görə gedib bir il Daşkənddə oxumalı oldum. Orada da ilk konsertim oldu. Sonra Sankt-Peterburqda dünya şöhrətli dirijor İ.A.Musinin sinfində beş il təhsil aldım.
Yeri gəlmişkən, ötən ay Mədəniyyət və Turizm Nazirliyi və Özbəkistandakı səfirliyimizin təşkilatçılığı ilə Daşkənddə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli ilə birlikdə konsertimiz oldu. Konsert çox yüksək səviyyədə keçdi. 30 il əvvəl konsertə Üzeyir bəyin “Koroğlu” operasından uvertüra ilə başlamışdım və bu dəfə də həmin əsərlə çıxış etdik. 30 il insan həyatında böyük məna daşısa da, tarix üçün 30 saniyə qədər əhəmiyyətə malikdir. Oradakı musiqiçilər, sözsüz ki, məni tanıdılar, gözəl qəbul etdilər. Hətta “Maestro, sizin o qıvrım saçlarınız necə oldu” sualını verənlər də tapıldı. Həyat belədir. Daşkənddə olan ilk konsertimi heç zaman unutmuram.
- Həyatınızı musiqinin hansı janrına bənzədirsiniz?
- Çətin sualdır. Həyat bir gün caza, bir gün muğama, bəzən klassik musiqiyə, bəzən də aşıq musiqisinə bənzəyir. İnsan həyatı fərqlidir. Hər günün, hər anın öz hökmü var. Dirijor həyatı belədir. Coşqudan sakitliyə, sakitlikdən coşquya... Biz bunu nəzarətdə saxlamağı bacarmalıyıq. Beynimizi, vücudumuzu, hissiyyatımızı idarə etməliyik. Bunu bacarmasaq, hər şey dağılar.
- Müsahibələrinizin birində deyirsiniz ki, dirijorluq eksklüziv sənətdir. Hazırda sənətə gələn gənc nəsil sizi qane edirmi?
- Sovetlərin vaxtında dirijorluq fakültəsinə ildə 4 nəfər qəbul edirdilər. Bəzi ölkələrdə heç bu sahə yox idi. Bu gün də bizdə opera simfonik dirijorluq kafedrası açılmayıb. Həmin dörd yerə 180 ərizə verilmişdi. O vaxt təhsil çox ciddi idi. Dirijorluğa qəbul olmaq üçün artıq bir ixtisas üzrə diplomun olmalı idi. Sonra püxtələşmiş bir musiqiçi kimi təzədən beş il dirijor təhsili almalıydın. Bu da 10 il təhsil demək idi. Biz belə oxuduq. İndi isə daha asandır. Məktəbi bitirirsən, konservatoriyanın “Xor dirijorluğu” fakültəsinə daxil olursan və dörd ildən sonra artıq gənclər “mən dirijoram” deyirlər. Əvvəllər elə bilirdim ki, dirijorluq 30 yaşdan sonra başlayır. 40 yaşım olandan sonra fikirləşdim ki, 40-dan sonra, 50 yaşdan sonra isə düşünürəm ki, hər şey bundan belə baş verəcək. Nə qədər yaşlanırsansa, sənətin incəliklərini, dərinliklərini başa düşürsən. Sənət təcrübə ilə inkişaf edir. Gənclərimiz bu sənətə çox can atır. Aralarında istedadlıları da var. İnanıram ki, dirijorluq məktəbimiz bundan sonra da davam edəcək. Yetər ki, orkestrlərimizin sayı çox olsun. Düzü, etiraf edim ki, dirijorluq sahəsindən daha çox bəstəkarlıqda problemlərimiz var. Bizim bəstəkarlıq sahəsində yetərincə gənc istedadlarımız olsa da, bu sahədə problemlər var. Təkcə Azərbaycanda deyil, hazırda bütün dünyada bu problem yaşanır. Bu, elektron dünyanın inkişafının nəticəsidir. Artıq notu da kompüterdə yığırlar, birləşdirilər və budur, əsər hazırdır.
- Səhnə, orkestr, tamaşaçı və siz. Bunlar bir arada necə tənzimlənir?
- Boş zalda konsert insana zövq vermir. Amma çətin dövrlərdə, 90-cı illərin əvvəllərində belə konsertlərimiz də olub. Soyuq, təmirsiz filarmoniya. Əlində silah salonda oturanlar da olub. Biz həyatımızı musiqiyə həsr etmişik və bunu qorumalıyıq. Həmin illərdə çox musiqiçi Azərbaycanı tərk etdi. Amma biz hər bir şəraitə dözərək orkestri qoruyub saxladıq. Bunun müqabilində ən möhtəşəm səhnələrdə konsertlərimiz oldu. Moskvada “Qarabağ şikəstəsi” oratoriyasını ifa etdik, Amerikada altı kompakt-disk yazdıq və s. Bu gün çox rahat və sakitəm. Deyə bilmərəm ki, çox xoşbəxtəm, istədiklərimin hamısını həyata keçirmişəm. Çünki bəzən mane olanlar da olur. Həyat belədir. Amma bizə kömək edənlər var. Azərbaycan mədəniyyətinin, musiqisinin təbliğinə dövlət başçımız, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi hər zaman dəstək verirlər.
- Qarşıda hansı yeni layihələriniz var?
- Qarşıda bizi yeni konsertlər, Azərbaycan tamaşalarının xaricdə səhnəyə qoyulması, bəstəkarlarımızın əsərlərinin dünyaya daha geniş tanıdılması gözləyir. Çox ölkələrdə olmuşuq, amma Azərbaycan musiqisini tanıdılması lazım olan ölkələr də var. 60-a yaxın ölkədə səfirliyimiz var. Bunun sayəsində də musiqimiz daim təbliğ edilməlidir. Konsert verdiyimiz ölkələrə notlarımızı bağışlayırıq. Nəticədə Üzeyir bəy, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Cövdət Hacıyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Arif Məlikov, Oqtay Zülfüqarov, Musa Mirzəyev və başqa bəstəkarlarımızın əsərləri dünyada səslənir.
- Yaradıcılığınızda sizə uğurlar və cansağlığı arzulayırıq.
- Çox sağ olun.

Lalə Azəri