Avropa İttifaqının tədqiqat və innovasiyasını maliyyələşdirən ən böyük proqramı – “Horizon Avropa” mədəniyyət və yaradıcılıq sahəsində araşdırma imkanlarını da özündə ehtiva edir.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakı Slavyan Universitetində sözügedən proqramın məlumatlandırma günü təşkil olunub.

Tədbirdə Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumilikdə 60-dan çox əməkdaşı Mədəniyyət Nazirliyinin də təmsil olunduğu Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) nümayəndələri tərəfindən məlumatlandırılıb.

Tədbir çərçivəsində “Horizon Avropa” proqramının strukturu və maliyyələşdirmə imkanları, o cümlədən tədqiqat işlərində iştirak haqqında məlumat verilib. Bundan əlavə, sessiyalarda “Mariya Skladovskaya-Küri (MSCA)”, “Avropa Tədqiqat Şurası (ERC)”, “Qlobal problemlər və Avropa Sənaye Rəqabəti” adı altında maliyyələşdirilən tədqiqat və beynəlxalq əməkdaşlıq mövzuları haqqında məruzə və təqdimatlar baş tutub.

“Horizon Avropa” proqramının 7 illik (2021-2027) büdcəsi 95.5 milyard avro təşkil edir.

Proqramın “Qlobal problemlər və Avropa Sənaye Rəqabəti” adlı ikinci istiqamətində “Mədəniyyət, Kreativlik və İnklüziv cəmiyyət” adlı klaster də yer alır. Yaradıcılığa əsaslanan innovasiya ekosisteminin formalaşdırılması, mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi, incəsənətin və mədəni irsin təbliği bu klasterdə prioritet sahələrdəndir. Qeyd olunan istiqamətlər üzrə ölkədə fəaliyyətlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir və MƏŞŞ nümayəndələri arasında nazirliyin əməkdaşı da fəaliyyət göstərir.

Mədəniyyət sahəsində fəaliyyət göstərən tədqiqatçılar bu keçidə daxil olaraq Horizon Avropa proqramı çərçivəsində elan olunan çağırışlarla yaxından tanış ola, maliyyələşmə mexanizmləri ilə bağlı məlumat əldə edə bilər.

Proqramla bağlı əlavə məlumat üçün e.rasulov@culture.gov.az e-mail ünvanına müraciət edə bilərsiniz.