Robert Kleverdon: «Azərbaycanın iştirakı olmadan bu layihənin reallaşması mümkün deyil»
   
   Xəbər verdiyimiz kimi, Dünya Turizm Təşkilatının eksperti Robert Kleverdon Xəzər dənizində kruiz marşrutunun potensialının qiymətləndirilməsi məqsədilə ölkəmizə səfər edib. Dekabrın 1-dən 4-dək ölkəmizdə olan qonaq Bakı Dəniz Limanının və Azərbaycan Turizm Assosiasiyasının rəhbərlikləri, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan şirkət nümayəndələri ilə görüşlər keçirib. O həmçinin Bakının görməli yerləri, mədəni-tarixi abidələri, muzeyləri, o cümlədən milli mətbəx və musiqimizlə tanış olub.
   
    Dekabrın 2-də Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində DTT-nin eksperti Robert Kleverdonun Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri ilə görüşü keçirildi. Görüşdə çıxış edən Turizm şöbəsi müdirinin müavini - Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı ilə birlikdə Azərbaycanın turizm potensialının təbliği məqsədilə bir sıra layihələr həyata keçirir. Xəzər dənizində kruiz marşrutunun təşkili də bu tipli layihələrdəndir: «Belə bir turizm paketinin yaradılması Azərbaycanın turizm məhsulunun beynəlxalq bazara inteqrasiyasına səbəb olacaq. Bu səbəbdən də Azərbaycan tərəfi layihə ilə bağlı vahid turpaketin yaradılmasına razılığını verib və bu istiqamətdə nazirlik tərəfindən müvafiq işlər görülür”.
   DTT-nin eksperti R.Kleverdo bildirdi ki, təmsil etdiyi təşkilat Xəzəryanı ölkələri əhatə edən kruiz layihəsinin reallaşmasında çox maraqlıdır. Çünki bu layihə Xəzəryanı ölkələrlə yanaşı, dünya turizminin də inkişafına bir təkan olacaq. Ekspert müzakirədə iştirak edən turizm şirkətlərinin rəhbərlərinin fikirlərinin onlar üçün maraqlı olduğunu vurğuladı.
   «Bakı tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədov bu layihənin hələ 4 il əvvəl gündəmə gəldiyini, bununla bağlı Həştərxanda və Aktauda konfrans keçirildiyini bildirdi. Həmin toplantıda Həştərxan (Rusiya)-Azərbaycan-İran-Türkmənistan-Qazaxıstan marşrutu üzrə kruizin təşkili nəzərdən keçirilmişdi. Kruiz iştirakçılarının Xəzəryanı ölkələrdə dayanacağı şəhərlərdən ən böyüyü Bakı olduğundan, marşrutu idarə edən administrasiyanın baş ofisinin də Azərbaycan paytaxtında yerləşdirilməsi qərara alınmışdı. Lakin sonradan bu təşəbbüs reallaşmadı: “Bu məsələnin yenidən gündəmə gəlməsini təqdir edirik. Çünki Xəzəryanı ölkələrdə belə bir kruiz təşkil olunsa, bu, regionda turizmin inkişafına müsbət təsir edəcək”.
   Şirkət rəhbərinin fikrincə, layihənin böyük perspektivləri var. Çünki kruiz maraqlı bir səyahət növüdür: «Böyük İpək yolunun keçdiyi beş ölkəni əhatə edən kruiz digər ölkələrdə fəaliyyət göstərən turizm şirkətlərinin də marağına səbəb olacaq. Nəticədə, Avropa, Amerika ölkələrindən, Yaponiyadan, Çindən bu marşrut vasitəsilə ölkəmizə çoxsaylı turistlər gələcək».
   «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, Xəzəryanı kruiz layihəsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri bu layihəni vacib hesab edir, digərləri isə Xəzər dənizinin kruiz üçün əlverişli olmadığını deyir: «Fikrimcə, Xəzəryanı ölkələri əhatə edən kruiz layihəsi bu gün çox aktualdır. Burada bir sıra məqamları da nəzərə almaq lazımdır. Məsələn, Xəzər küləkli dənizdir. Digər dənizlərə çıxışı yoxdur. Digər tərəfdən, kruiz üçün lazım olan gəmini də başqa ölkələrdən gətirmək çətindir. Bu gəmi texniki şərtlərə cavab verməlidir. Tutumu isə ən azı 400 nəfər olmalıdır. Bundan az sərnişinlə bu layihəni həyata keçirmək rentabelli olmaz. Təbii ki, bütün bunları nəzərə aldıqdan sonra kruiz layihəsinin gerçəkləşdirilməsi Azərbaycanın turizm potensialının tanıdılması baxımından çox əhəmiyyətlidir. Bu həm ölkəmizə turist axınını gücləndirər, ölkəmizin təbliği baxımından güclü bir vasitə olardı».
   Robert Kleverdon səfər təəssüratı ilə bağlı qəzetimizə eksklüziv müsahibə verib:
   
   - Azərbaycanda ilk dəfə 2008-ci ildə olmuşam. Bu qısa zaman içində ölkənizdə, xüsusilə Bakı şəhərində baş verən dəyişikliklər məni yaxşı mənada təəccübləndirdi. Paytaxtınızdakı beynəlxalq brendli hotellər, butiklər, dünya markası olan iri mağazalar, yüksəkmərtəbəli binalar, xarici markalı maşınlar ölkənizdəki yüksək yaşayış səviyyəsindən xəbər verir. Bakını gəzdikcə bir tərəfdən insan özünü gözəl bir Avropa şəhərində təsəvvür edir. Digər tərəfdən isə paytaxtınızda həm Şərq, həm də Qərb mədəniyyətinin mövcudluğunu elə ilk baxışdan müşahidə etmək olur.
   Səfər müddətində Bakının bir çox gəzməli-görməli yerlərində olmaq imkanı da əldə etdim. Xüsusilə diqqətimi cəlb edən şəhərin ətrafında yerləşən açıq səma altında qurulmuş Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi oldu. Mən dünyanın 100-dək ölkəsində belə muzeylər görmüşəm. Qala muzeyi isə tamamilə başqa aləmdir.
   Bir neçə kəlmə də Azərbaycanda gələn il keçiriləcək «Eurovision 2012» mahnı müsabiqəsinin ölkənizə verdiyi imkanlar barədə qeydlərimi bildirmək istərdim. Bu müsabiqə Azərbaycanın hər baxımdan özünü tanıda bilməsi üçün bir fürsətdir. Bununla siz təkcə mədəniyyətinizi deyil, eyni zamanda turizm imkanlarınızı da Avropaya və dünyaya təqdim edəcəksiniz. Turizm sahəsində yenicə addımlar atmağa başlayan gənc bir ölkə üçün bu, olduqca gözəl bir imkandır. Mənə elə gəlir ki, buradakı həyat səviyyəsinin yüksəkliyi təkcə sizin maddi vəziyyətinizlə deyil, eyni zamanda həm də ölkənizin təbii gözəllikləri ilə də ölçülməlidir. Bunların hamısını effektiv idarə etmək mühüm məsələdir.
   - Xəzər sahili boyunca kruiz ideyası necə yaranıb və bu layihədə hansı ölkələrin iştirakı nəzərdə tutulur?
   - Xəzəryanı ölkələr arasında vahid turizm məhsulunun yaradılması ideyası Dünya Turizm Təşkilatına Rusiya və Qazaxıstan tərəfindən təqdim olunub. Hazırda DTT-nin ekspertləri bu layihənin hansı formada reallaşması imkanlarını araşdırır. Mən buraya gəlməzdən əvvəl Qazaxıstanda olmuşam və bu ölkənin turizm təmsilçiləri ilə bu məsələni müzakirə etmişəm. Azərbaycandan sonra Rusiya tərəfi ilə də müzakirələr nəzərdə tutulub. Hələlik Xəzər sahili boyunca kruiz layihəsində 3 ölkənin - Azərbaycan, Rusiya və Qazaxıstanın iştirakı müzakirə edilir. Amma sonradan layihəyə İran və Türkmənistanın da qoşulacağı istisna deyil.
   - Kruiz gəzintisi adıçəkilən ölkələr üçün yeni bir istiqamətdir. Təbii ki, burada turistlərə xidmət etmək üçün xüsusi bir personala da ehtiyac var. Maraqlıdır, bu ölkələrin belə bir kadr potensialı varmı?
   - Kruiz gəzintisi müxtəlif turizm şirkətləri vasitəsilə həyata keçirilir. Xidmət məsələsini də onlar həll etməlidirlər. Dünya təcrübəsində belədir ki, bunun üçün kruizi təşkil edən ölkələrin turizm təhsili verən ali məktəblərində xüsusi fakültələr açılır və lazım olan kadrlar da orada hazırlanır. Məsələn, Gürcüstanda kruiz üzrə çox güclü mütəxəssislər var. Siz oradan həmin mütəxəssisləri dəvət edib burada kadr hazırlığını həyata keçirə bilərsiniz.
   - Hələlik Xəzər sahili boyunca kruiz layihəsinin müzakirəsi gedir. Ümumiyyətlə, bu layihənin reallaşma perspektivini necə görürsünüz?
   - Bu layihə ilə bağlı işin böyük hissəsi hələ qarşıdadır. Hər şey tərəflərin bu layihəyə nə qədər ciddi yanaşmasından asılıdır. Mən belə düşünürəm ki, layihənin həyata keçməsi üçün çox böyük potensial mövcuddur. Bir vacib məqamı vurğulamaq istərdim ki, Azərbaycanın iştirakı olmadan bu layihənin reallaşması mümkün deyil. Çünki bütün kruiz boyu ən çox gəzməli, görməli yerlər məhz sizin ölkənizdədir. Rusiya və Qazaxıstan ekspertləri də bunu bilirlər. Azərbaycanın kruiz layihəsində iştirak etməsi və bu sahədə böyük turist potensialı cəlb etməsi üçün böyük imkanları var. Bunun üçün sizin həm Rusiya, həm də İran bazarlarından istifadə etməniz lazımdır. Yəni bu layihə vasitəsilə əgər uzaq ölkələrdən təxminən 30 faiz turist cəlb etmək mümkündürsə, təkcə bu iki bazardan 50 faizdən çox insanın Azərbaycana gəlməsinə nail olmaq olar. Digər tərəfdən isə bu layihə həm də beş Xəzəryanı ölkə arasında münasibətlərin inkişafına da əlavə zəmin yarada bilər.

   Fəxriyyə Abdullayeva