Gürcüstanın Qori şəhərində 27-30 sentyabr tarixlərində keçirilən Beynəlxalq Xor Festivalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xor Kapellası da iştirak edib.

Kapellanın bədii rəhbəri və baş dirijoru, Xalq artisti Gülbacı İmanova bununla bağlı təəssüratını bölüşüb:

“Azərbaycan Dövlət Xor Kapellası müxtəlif ölkələrdən kollektivlərin iştirak etdiyi beynəlxalq festivalda uğurla çıxış etdi. Kapellamız fərqli bir proqram nümayiş etdirdi. Proqramda həm xarici, həm də Azərbaycan bəstəkarlarının əsərləri yer almışdı. Bir konsert daxilində bir-birindən üslub cəhətdən fərqli olan müxtəlif kompozisiyalar ifa etmək çox çətindir. Qalan kollektivlər yalnız öz milli musiqisini ifa edirdilər. Bu cür festivallar kollektivimizə təcrübə mübadiləsi aparmağa, yeni musiqi ilə tanış olmağa, tərəfdaşlıq qurmağa imkan verir.

Festivalda məşhur musiqişünaslar, müxtəlif ölkələrin səfirləri, eləcə də Avropa festivallarının təşkilatçıları qonaq qismində iştirak etdirdilər. Kollektivimizin çıxışı hamının diqqətini çəkdi və alqışlarla qarşılanırdı. Gürcülər bizi çox isti qəbul etdilər və musiqimizə növbəti dəfə heyran oldular. Festivalda çıxışımıza görə bizi diplomla təltif etdilər”.

Qeyd edək ki, Azərbaycan Dövlət Xor Kapellasının repertuarında 1000-dən çox əsər var. Xor kapellası dəfələrlə Azərbaycan musiqisini ölkəmizdən kənarda təbliğ edib, bir çox festivalların, mədəniyyət günlərinin iştirakçısı olub.