![](/img/news/700x420/11500.jpg)
Məşhur Fransa yazıçısı Gi de Mopassan (Henry-Rene-Albert-Guy de Maupassant) tənqidi realizmin görkəmli nümayəndələrindən biridir.
Əsl adı Anri Rene Alber olan yazıçı 1850-ci il avqustun 5-də Sena departamenti, Turvilyasüz-Ark yaxınlığındakı Miromenil qəsrində, kasıblaşmış zadəgan ailəsində dünyaya gəlib. Ruan liseyini bitirib, 1869-cu ildə bakalavr adı alıb.
Onun uşaqlıq illəri Normandiyanın mənzərəli bir guşəsində keçib. Təbiətə, dəniz gəzintisinə, balıq ovuna olan həvəsi, sadə adamlarla ünsiyyəti, onların adətləri, kobud, lakin duzlu zarafatları sonralar yazıçının yaradıcılığında öz bədii əksini tapıb.
Yazıçının 1880-ci ildə yazdığı “Gombul” adlı ilk novellası satira, məhəbbət və həyatla dolu bir əsərdir. İlk hekayə kitabını (“Telyenin müəssisəsi”, 1881) böyük rus yazıçısı Turgenevə ithaf edib.
Mopassan XIX əsr realist fransız ədəbiyyatının son görkəmli nümayəndələrindən biridir. Özünün dediyi kimi, ədəbiyyata “meteor kimi gəlib, onu şimşək kimi tərk edən” Mopassan bir şeirlər toplusunun, 6 romanın, 16 hekayə və novellanın, 3 yol oçerkləri kitabının müəllifidir.
“Həyat”, “Mont-Oriol”, “Gözəl dost”, “Ölüm kimi güclü”, “Parisli burjuanın bazar günləri”, “Bizim qəlbimiz” romanlarında həyat həqiqəti güclü və təsirli şəkildə əksini tapıb. Müəllif “Ay işığı”, “Səadət”, “Məhəbbət”, “Kürsü toxuyan qadın” və s. novellalarında burjua əxlaqı, eqoizm və bayağılığına qarşı çıxaraq, təbii insani hissləri ona qarşı qoyub.
İncə lirizm və qəzəbli sarkazm, dərin psixologizm Mopassan yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Onun əsərləri bir sıra dillərə tərcümə olunub, səhnəyə qoyulub və ekranlaşdırılıb.
Burjua cəmiyyətinə nifrət edən, lakin onun dəyişdirilə biləcəyinə inanmayan Mopassan ömrünün son illərində dərin mənəvi böhran keçirir. 1891-ci ildə ruhi xəstəliyə tutulub, tədriclə görmə qabiliyyətini, yaddaşını itirir, 1892-ci il yanvarın 2-də intihar etməyə cəhd göstərir.
Görkəmli yazıçı 1893-cü il iyulun 6-da Parisdə psixiatriya xəstəxanasında beyin iflicindən dünyasını dəyişib.
Mopassanın həyat və yaradıcılığına irihəcmli tədqiqat əsərləri həsr edilib. Qələm dostu, məşhur fransız yazıçısı Emil Zolyanın 1893-cü il iyulun 7-də ədibin dəfn mərasimindəki ürək yanğısı və səmimiyyətlə dolu çıxışı da onun haqqında ən təsirli bioqrafik məlumat sayıla bilər. O həqiqətən də ədəbi aləmdən meteor kimi gəlib-keçdi.