İyulun 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (AMİHİRK) təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib.
   AMİHİRK-in sədri Cəmilə Səttarova iştirakçıları salamlayaraq Milli Mətbuat Gününün tarixindən danışıb. Ölkənin həyatında medianın mühüm rolunu qeyd edən C.Səttarova milli jurnalistikamızın sürətlə inkişaf etdiyini vurğulayıb. Həmkarlar ittifaqlarının son illərdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də rolunun möhkəmləndiyi diqqətə çatdırılıb.
   Respublikamızda 600-dən artıq mətbuat orqanının mövcud olduğunu deyən AMİHİRK-in sədri müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin gərgin əməyindən və qayğısından söz açıb. Qeyd olunub ki, mətbuata bu qayğı və diqqət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
   Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev-90” kitabının təqdimatı olub. Sonda tədbir iştirakçıları AMİHİRK tərəfindən mükafatlandırılıblar.