Böyük Azərbaycan mütəfəkkiri Seyyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş elmi konfransda 11 ölkənin alimləri bir araya gəlib
İyulun 2-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilatçılığı ilə böyük şair, alim və mütəfəkkir, xəlvətilik fəlsəfəsinin ən görkəmli təmsilçisi Seyyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başladı. Tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, 11 ölkəni təmsil edən tanınmış tədqiqatçılar da iştirak edirdilər.
Konfransın aparıcısı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, ötən il UNESCO böyük mütəfəkkirin yubileyinin qeyd olunması barədə qərar qəbul edib və beynəlxalq elmi konfrans təşkilatın yubileylər proqramı çərçivəsində keçirilir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanın böyük mütəfəkkir alimi Bakuvinin həyatı və fəaliyyəti müxtəlif dövrlərdə insanların diqqət mərkəzində olub: “Onun əsərlərini, miras qoyduğu zəngin irsi multikulturalizm baxımından təhlil edərkən görürük ki, hələ o dövrdə Bakuvi öz əsərlərində qarşılıqlı hörmət, ehtiramı təbliğ edir, digər millətlərin mədəniyyətlərinə böyük hörmətlə yanaşırdı. O, sufizmdə yeni bir istiqaməti inkişaf etdirmişdi. Çox fəxr edirik ki, belə bir azərbaycanlı alimi bütün dünya qəbul edir. Sufizm islam dünyasının, islam mədəniyyətinin ayrılmaz bir hissəsidir, təfəkkür, mənəviyyat istiqamətidir. Təsadüfi deyil ki, müxtəlif dövrlərdə bu fəlsəfi məktəbə insanlar, müxtəlif fikir sahibləri önəm veriblər. Vəfatından 550 il keçməsinə baxmayaraq bu gün də onun irsi hörmətlə anılır, tədqiqatlar aparılır”.
Nazir qeyd etdi ki, son illər Azərbaycan xalqının mədəni irsi beynəlxalq təşkilatlarda, müxtəlif konfranslarda, müzakirələrdə böyük maraq doğurur. UNESCO-nun xətti ilə keçirilən tədbir buna daha bir sübutdur: “Bu konfransda 11 ölkədən nümayəndələri görürüksə, deməli, azərbaycanlı mütəfəkkirin 5-6 əsr bundan əvvəl yaratdığı məktəb bu gün də geniş elmi ictimaiyyətin diqqətini cəlb edir: “Bu, elmi bir konfransdır. Daha çox nəzəriyyə baxımından öz fikir və təəssüratlarımızı bildiririk. Lakin nəzəriyyə təcrübədən heç vaxt geri qalmamalı, təcrübəyə əsaslanmalıdır. İstərdik ki, alimlər, dəyərli tədqiqatçılar Azərbaycan elminin, mədəniyyətinin bugünkü səviyyəsini görsünlər, qiymətli fikirləri ilə mədəniyyətlərarası, dinlərarası dialoqa elmin gücüylə böyük bir təkan versinlər. İnanıram ki, onlar bu konfransda proseslərə müasir nöqteyi-nəzərdən baxaraq maraqlı fikirlər söyləyəcək, bizim alimlərimiz ortaya çıxan fikirlərdən də yararlanaraq Azərbaycan elminin həqiqətən bəşəri bir elm olmasını bir daha sübut edəcəklər”.
* * *
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov çıxışında qeyd etdi ki, xəlvətiyyə təriqətinin əsas simalarından olan Bakuvinin önəmli məziyyətlərindən biri Azərbaycan türkcəsində yazıb-yaratmasıdır: “O dövrdə elm sahəsində ərəb, ədəbiyyat sahəsində daha çox fars dilləri istifadə edilsə də, o, əsas əsərini Azərbaycan türkcəsində yazmışdı. Onun fəaliyyəti Azərbaycanın və regionun çərçivəsi ilə məhdudlaşmır. Müasir dövrün problemlərini götürsək, Bakuvi əsərlərində onların bir çoxuna cavab tapa bilirik. Bu gün dünyada ən böyük problem yalnız zahiri əlamətlərə daha çox önəm verməkdir. Halbuki insanın batini, ruhu, niyyəti daha çox önəm daşıyır. Xəlvətiliyin qabartdığı məqam dinin ruhunu, əxlaqını həm də daxilən yaşamaq idi. O, insanın kamilləşməsində irfanın, ədəbin, əxlaqın böyük rolunu aşılayırdı, insanları qardaşlığa, birliyə çağırırdı”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 1-ci katibi Günay Əfəndiyeva qeyd etdi ki, təşkilatın mədəniyyət sahəsində əsas proqramlarından biri görkəmli şəxsiyyətlərin və tarixi hadisələrin yubileylərinin qeyd olunması ilə bağlıdır. İki ildən bir üzv ölkələr UNESCO-ya öz namizədlərini təqdim edir və onların müəyyən meyarlar seçimindən keçdikdən sonra yubileylərinin beynəlxalq qurumun himayəsi altında keçirilməsinə qərar verilir: “Azərbaycan bu proqramda çox fəal iştirak edir. Son illər UNESCO-da müxtəlif mədəniyyət və elm xadimlərimizin yubileyləri keçirilib. Bu il də təşkilat səviyyəsində Azərbaycanla bağlı üç yubiley qeyd olunmaqdadır. Bunlardan biri görkəmli şairə Məhsəti Gəncəvinin 900 illik, digəri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, üçüncüsü isə böyük mütəfəkkirimiz Seyyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə bağlı olan tədbirdir”.
Bakuvinin yubileyinin bir neçə aydan sonra UNESCO-da da qeyd olunacağını deyən G.Əfəndiyeva bildirdi ki, görkəmli mütəfəkkir-filosof dünya miqyaslı şəxsiyyətdir: “Belə dahilərin yaratdıqları heç bir zamana sığmır, onların yaradıcılığı hər zaman öz aktuallığı ilə diqqəti cəlb edir. Onun zəngin fəlsəfi və ədəbi əsərlərinin də əsasını sülhə, düzlüyə, dostluğa çağırış təşkil edir. Müasir zamanla onun yaradıcılıq axtarışlarını müqayisə etsək görərik ki, UNESCO-nun da əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq vasitəsilə davamlı sülhə nail olmaq, dünyada tolerant bir cəmiyyət yaratmaqdır. Azərbaycan bu mənada bir nümunə kimi göstərilə bilər”.
Xəlvətiyyə Cəmiyyətinin sədri, şeyx El-Mamoune El-Kacimi El-Hassani bildirdi ki, Bakuvi kimi alimlər islami dəyərlərin qorunmasında böyük rol oynayıblar: “Onların irsi, yaradıcılığı bu gün də bu dəyərlərin qorunmasına xidmət edir. Bəşəriyyətin borcudur ki, belə bir alimin ədəbi-fəlsəfi irsini yad etsin, gələcək nəsillərə çatdırsın. Bu mənada tədbiri yüksək qiymətləndirirəm. Bildiyiniz kimi alimin əsas fikirləri insanlar arasında bərabərlik, onların azadlıq düşüncələri, bir-birinə hörmət, müasir bəşəriyyətin arzuladığı böyük dəyərlərə xidmət etmişdir. Biz hesab edirik ki, insanın daxili aləmi daima kamilləşməyə doğru getməlidir. Mənəvi inkişafı təmin etmək üçün islami dəyərlərin böyük rolu var. Bu dəyərləri qorumaq lazımdır”.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə elmi araşdırmalarda keçmişlə bu günün vəhdətindən, dünya elmi ilə əlaqələrdən söz açdı: “Keçmişlə bağlı araşdırma aparan alimlər çox böyük işlə məşğul olurlar. Onlar keçmişi dərk etmək istəyirlər. Bununla onlar eyni zamanda humanitar, ictimai elmlərin vacibliyini bir daha göstərirlər. Hesab edirəm ki, Azərbaycan tarixini, fəlsəfəsini dərk etmək üçün qapalı olmamaq, dünya alimləri ilə birgə çalışmaq lazımdır. Çünki keçmişimiz yalnız bizim deyil, o, dünyəvidir”.
Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən söz açdı, Bakuvi əsərlərinin dərk edilməsini, eyni zamanda Azərbaycanın dərk edilməsi kimi qiymətləndirdi.
Bakuvi irsinin fransalı tədqiqatçısı, professor Teri Zarkon alimin fəlsəfi fikir və ideyaları ilə böyük maraqla tanış olduğunu dedi: “Azərbaycanda və Türkiyədə bu sahənin çoxlu biliciləri vardır. Fransa, ABŞ, Əlcəzair və digər ölkələrdə bu istiqamətdə ciddi araşdırmalar aparılır”.
Akademik Vasim Məmmədəliyev Bakıda belə bir konfransın keçirilməsinin təsadüfi olmadığını qeyd etdi: “Azərbaycan müxtəlif dövrlərdə islam aləminə, islam elminə dəyərli töhfələr verib. Bakuvi kimi insanlar dinin batininə daha çox diqqət çəkiblər. Məhəmməd peyğəmbərin hədisinə - “Haqq carçıları olun - dilinizlə yox, batininizlə!” daima əməl ediblər”.
Çıxışlarda son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq mövzusunda bir çox beynəlxalq tədbirlərin təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürüldüyü xüsusi qeyd olundu. Bakıda təşkil edilmiş konfransın əhəmiyyətini vurğulayan natiqlər diqqətə çatdırdılar ki, Seyyid Yəhya Bakuvinin əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüf anlayışı barədə geniş məlumat var. Ona qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan əvvəl yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınıb. O, 20-dən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin edib.
Vurğulandı ki, Seyyid Yəhya Bakuvinin əsərləri bu gün də öz aktuallığını saxlamaqdadır. Onun fikirləri bəşəriyyətə öz töhfəsini verməkdədir. Çünki bu əsərlərdə, fikirlərdə dünyaya sülh, insanlara bərabərlik, həmrəylik öz əksini tapıb. Elə buna görə də belə mütəfəkkirlərin irsini öyrənərək təbliğ etmək lazımdır. Günün ikinci yarısında konfransda müxtəlif ölkələri təmsil edən alimlərin Seyyid Yəhya Bakuvinin həyat və yaradıcılığına dair məruzələri dinlənildi.
Beynəlxalq elmi konfrans iyulun 3-də yekunlaşacaq.
Ceyhun Zərbəliyev