şəriyyət hazırkı inkişafına görə məhz kitablara borcludur. Min illərdir qazanılmış bilik və təcrübələrin qorunaraq nəsillərdən-nəsillərə ötürülməsi insan cəmiyyətinin varislik prinsipini təmin etmişdir. Bu prosesdə kitabların rolu əvəzedilməzdir. İnsanın taleyində kitabın rolu, mütaliənin əhəmiyyəti barədə ziyalıların fikirlərini öyrənmək istədik. Bir daha yəqin etdik ki, sivilizasiyanın istənilən səviyyəsində kitab bilik və təcrübə qaynağı kimi prioritet vasitə olaraq qalacaq.

 

Folklorşünas, professor Məhərrəm Qasımlı:

- Kitab bizim əcdadlarımızdan üzü bəri mənəviyyatı zənginləşdirən, insanın daxili dünyasına çox böyük mənəvi dəyərlər gətirən enerji mənbəyi kimi qəbul edilmişdir. O səbəbdən də babalarımız həmişə kitabı, yazını çox müqəddəs hesab etmişlər. Yəni fərq qoyulmadan kitab və yazı çox dəyərli bir mənbə sayılmışdır. Görürük ki, kim tarix içində, kitablar, kitabxanalar içində böyüyüb, ərsəyə gəlib, formalaşıb, o, dərin biliyi, zəngin könül dünyası ilə cəmiyyətdə tanınıb. Böyük filosoflar, şairlər də belə olub. Hətta aşıqlar da, bir çox hallarda yazıb-oxumağı bacarmasalar da, kitablarda olan bilgiləri müxtəlif vasitələrlə əxz edə bilmişdilər. O səbəbdən də biz yazısı olmayan aşıqları canlı ensiklopediyalar kimi qəbul etmişik: Dədə Qorqudu, Qurbanini, Xəstə Qasımı, Sarı Aşığı, Dədə Ələsgəri. Bu mənada, istər Nizami, Füzuli, Vaqif, Sabir və Vurğunun irsi olsun, istərsə də bütövlükdə kitablarda olan ən müxtəlif mövzularda yazılar olsun, onlara həmişə xalqımızın böyük sayğı göstərdiyini, dəyər verdiyini görmüşük.

Kitab insanın yol yoldaşı, sirdaşıdır. Ağlının, ruhunun işıq mənbəyidir. İnsanı formalaşdıran ən mühüm amillərdən biri şübhəsiz ki, onun oxuduğu zəngin kitablardır.

Biz tarixən kitabı ənənəvi yolla oxumuşuq. Amma bu gün informasiya cəmiyyətidir və müasir texnologiyalar elə imkan yaradıb ki, kitabları həm də internetdən, elektron vasitələrlə oxuyuruq. Bu da bir yoldur. Ancaq əsas məsələ oxumaqdır. Sadəcə olaraq, bir məsələdən çox nigaranam ki, elektron kitab ehtiyatında heç də maraqlı kitabların hamısı yoxdur. O səbəbdən də gənclərin, yeniyetmələrin bizim dədə-baba üsulu ilə kitabxanalarımıza baş çəkməsi, o kitabları da oxumasını çox vacib sayıram. Düşünürəm ki, insan özünün böyük kəşflərini kitablarla bağlı etmişdir. Düzdür, başqa kəşflər də var, amma onların da mənbəyi kitablardır. Biz öncə kitabı, sonra onun dəstəyi, enerjisi və təkanı ilə böyük elm sahələrini, elmi məsələləri kəşf etmişik. Bu gün də mən kitaba müqəddəs bir varlıq kimi baxır, onu diri və canlı hesab edirəm. Çünki orada insanın nəfəsinin, ağlının, gücünün, ürəyinin həssaslığı var. Gəlin, kitablarımızı, kitab mədəniyyətimizi qoruyaq. Kitab mədəniyyəti bizi çox işıqlı sabahlara aparmaq gücündədir.

 

Ədəbiyyatşünas, professor Asif Rüstəmli:

- İnsanın min illərdən bəri bəşər sivilizasiyasına bəxş etdiyi ən nəhəng, gərəkli kəşflərdən biri kitabdır. İnsan şüurunun, zəkasının, təfəkkürünün inkişafında kitabın müstəsna rolu və ali yeri danılmazdır. Kitab gil, daş abidələrdən elektron versiyaya qədər təkamül yolu keçmişdir. Azərbaycanda kitab həmişə müqəddəs sayılmış, inam, bilik mənbəyi kimi ona sayğı göstərilmişdir.

Respublikamızda artıq üçüncü dəfədir, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi kitabın təbliğində, sevilməsində, oxucu marağının öyrənilməsində böyük rol oynayır. Sərgi kitabın poliqrafik keyfiyyətinin vizual barometridir. Burada keyfiyyətli və keyfiyyətsiz kitabların müqayisə edilməsi yolu ilə poliqrafiya müəssisələri haqqında, mütəxəssislərin səviyyəsi, texniki imkanlar barədə aydın təsəvvürlər yaranır.

Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, tələbə, gənc oxucu auditoriyası ilə daim təmasdayam. Etiraf edim ki, tələbələrimizin kitaba marağının azalması, ədəbiyyata laqeyd münasibəti məni narahat edir. Çünki tələbələr ona tapşırılan dərs vəsaitindən əlavə ədəbiyyatı mütaliə etməkdə çətinlik çəkirlər. Həmişə yeniliyə can atan gənclər bəzən sosial şəbəkələrə, informasiya portallarına və digər elektron vasitələrə ifrat aludə olur, kitab oxumağa vaxt tapmırlar.

Hər bir insanın kitaba meylinin güclənməsində yüksək səviyyəli, oxucu tələbinə cavab verən ədəbiyyatın nəşri mühüm rol oynaya bilər. Böyük sənətkarlıqla yazılmış kitabları mütəmadi mütaliə edən oxucu yüksək zövqə, geniş dünyagörüşünə, dərin biliyə, aydın zəkaya, işıqlı təfəkkürə sahib olur. Düşünürəm ki, ciddi ədəbiyyatla zəif ədəbiyyat arasında sərhəd qoymağın vaxtı çatıb. Tələbələrin, gənclərin kitaba marağının azalmasında “boz ədəbiyyat” qara piar missiyasını daşıyır. İstərdim ki, zəif kitablar geniş oxucu auditoriyasına buraxılmasın. Yaxud da ciddi ədəbiyyatı zəif əsərlərdən ayırmaq üçün hansısa fərqləndirici nişan olsun. Özünü və ya əzizini kitab vasitəsilə reklam etdirmək istəyənləri oxucu öncədən tanımalıdır. Çünki qeyri-peşəkar ədəbiyyat oxucu zövqünü korlayır, kitab mədəniyyətinə ciddi zərbə vurur.

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından gözləntimiz böyükdür. Ümid edirik ki, belə möhtəşəm tədbirlər oxucuların kitaba marağının artmasında mühüm rol oynayacaq.

 

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlu:

- Müasir insan kitaba ruhu ilə bağlanmalı və onu orqanizminin əsas bir üzvü kimi hiss etməlidir. Ürəksiz yaşaya bilmədiyi kimi, kitabsız da yaşaya bilməməlidir. Ömrü dəryaya, insanı gəmiyə bənzətsək, bu dərya üzündəki gəminin kompası, sözsüz ki, kitabdır. Bəlkə də insanın insana ən böyük hədiyyəsi elə kitab olmalıdır. Allah da peyğəmbərinə məhz kitab göndərib. Bütün bunlar kitabın misilsiz dəyərindən xəbər vermirmi? O xalq xoşbəxtdir ki, onun kitab mağazalarında növbə olur. Xoşbəxt o xalqdır ki, hər ailəsinin, heç olmasa, bir kitab rəfi var.

Mənim düşüncəmə görə, insanın ömrü boyu mütaliəyə ehtiyacı olmalıdır. Kitabsız ömür sürməyi, mütaliəsiz həyatı əsl həyat hesab etmirəm. Mütaliəsiz insan nəinki millətinə, hətta özünə də yükdür. Çünki insan təfəkkürü mütaliə sayəsində genişlənir. İnsan mütaliə edə-edə bir ziyalı kimi formalaşır. Bizi gərəksizlikdən xilas edən bir şey varsa, o da mütaliədir. Bilənlə bilməyən bir ola bilməz. Arzum budur ki, dünyada heç kəs kitabsız olmasın.

Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar