“Xalq əmanəti” layihəsinin yeni nəşrində Xəlil Rza Ulutürkün əsərlərindən seçmələr və tərcümələri yer alıb
Dekabrın 26-da “Xalq Bank”ın “Xalq əmanəti” layihəsi çərçivəsində XX əsr poeziyasının görkəmli nümayəndəsi, istiqlal şairi Xəlil Rza Ulutürkün əsərlərindən seçmələrin və ədəbi tərcümələrinin yer aldığı “Dünənəm! Bugünəm! Gələcəyəm mən!” adlı kitabın təqdimat mərasimi keçirildi. Əvvəlcə Xalq şairinin həyat və yaradıcılığına həsr edilən videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirdi ki, Xəlil Rza Ulutürk müasir Azərbaycan ədəbiyyatının günəşidir və o, inqilabi enerjisi ilə yeni bir ədəbiyyat yaratdı: “O ədəbiyyat ki, onun müqayisə oluna biləcəyi poeziya, düşüncə tərzi yoxdur. Söhbət burada onun yaradıcı kimi dahiliyindən yox, onun ideallarından gedir. Xəlil Rza Ulutürk bu idealları ömrünün sonuna qədər bir vətəndaş, bir azərbaycanlı, bir türk kimi daşıdı”.
Kitabın ön sözünün müəllifi, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Xəlil Rzanı millətin dostu adlandırdı, ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirdi: “Xəlil Rza, doğrudan da, millətinin, həmkarlarının, həməsrlərinin dostu idi. Düşmən isə onun misralarının odu-alovu qarşısında dayana bilməzdi. Nə qədər ki, Azərbaycana ikili standartlar tətbiq olunur, dövlətimizin uğurlarına qısqanclıqla yanaşılır, nə qədər ki, ölkəmizə düşmən münasibətdə olanlar var, o müddətcə Xəlil Rza yaradıcılığı aktuallığını qoruyub saxlayacaq”.
Xalq şairi Zəlimxan Yaqub çıxışında mərhum şairin poeziyasından və dünya ədəbiyyatından etdiyi tərcümələrdən bəhs etdi, xatirələrini bölüşdü: “Xəlil Rza Azərbaycanda bütöv bir qəhrəmanlar nəsli yetişdirdi. Gələcək nəsillər XX əsrin 50-ci illərindən sonrakı dövrə nəzər salanda Xəlil Rza Ulutürk görünəcək”.
Kitabın tərtibçisi, ədəbiyyatşünas Yusif Günaydın, Xəlil Rza irsinin tədqiqatçısı Əlizadə Əsgərli və şair Vahid Əziz isə Xəlil Rza yaradıcılığının ideya sənətkarlıq xüsusiyyətlərindən söz açdılar.
Sonda çıxış edən şairin ömür-gün yoldaşı, nəşrin məsləhətçisi Firəngiz Ulutürk kitabın onun üçün önəmindən, Xəlil Rza irsinə dövlətin göstərdiyi qayğıdan bəhs etdi, kitabın nəşr edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Qeyd edək ki, hədiyyəlik nəşr olunan kitab təhsil müəssisələrinə, kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına təqdim olunacaq.
Fariz Hüseynov