Professor Qəzənfər Paşayevin kitablarının və ona həsr olunmuş nəşrin təqdimatı
Dekabrın 26-da Milli Kitabxanada AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin VII cildliyi, “İraq-türkman nağılları” və Vaqif İsaqoğlunun alim haqqında yazdığı “Mənalı ömrün dastanı” kitablarının təqdimatı keçirildi.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq bildirdi ki, Qəzənfər Paşayevin yaradıcılığı Azərbaycan elminə böyük töhfədir. Alimin İraq türkmanlarının folkloruna və ədəbiyyatına həsr etdiyi kitablar ictimaiyyət tərəfindən daim maraqla qarşılanıb, geniş oxucu rəğbəti qazanıb.
Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov alim həmkarını xalqın məhəbbətini qazanmış dəyərli ziyalı və mənəvi keyfiyyətlərlə zəngin bir şəxsiyyət kimi xarakterizə etdi. Bildirdi ki, onun araşdırmaları İraqda yaşayan türkman soydaşlarımızın ədəbi irsinin Azərbaycanda daha da geniş tanıdılmasına öz töhfəsini verəcək.
Milli Məclisin üzvü Qənirə Paşayeva uşaqlıqdan Qəzənfər müəllimin yaradıcılığının işığında böyüdüklərini diqqətə çatdırdı: “Onun işi çox olsa da, bizlərlə söhbətə həmişə vaxt ayırıb. Söhbətlərində hər zaman səmimiyyət görmüşük. O, gerçək ziyalı olmaqla bərabər, həm də gözəl əmidir. O bizə təkcə sözləri ilə deyil, həm də əməli ilə də milləti və vətəni necə sevməyi, ona necə xidmət etməyi öyrədib. Biz hər zaman onunla fəxr etmişik və indi də fəxr edirik”.
Xalq şairləri Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, tənqidçi, ədəbiyyatşünas Ayaz Vəfalı, Əməkdar jurnalist Flora Xəlilzadə və başqaları Qəzənfər Paşayevin elmi fəaliyyətindən, insani keyfiyyətlərindən söhbət açdılar. Qeyd olundu ki, alimin “Altı il Dəclə-Fərat sahillərində”, “Kərkük bayatıları”, “Arzu-Qəmbər dastanı”, “Kərkük mahnıları”, “Rusca-ərəbcə danışıq kitabı”, “İraq-Kərkük atalar sözləri”, “İngiltərə haqqında” və s. kitabları ona xalq məhəbbəti qazandırıb. Tükənməz enerji və böyük həvəslə yazıb-yaradan, ərəb, ingilis, türk, rus dillərini mükəmməl bilən tədqiqatçının tərcümələri ölkədən-ölkəyə mənəvi körpü salıb.
Sonda çıxış edən alim tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
Savalan Fərəcov