Sentyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda aybkitab.az saytının təqdimatı keçirildi. Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza rəhbəri olduğu layihə haqqında məlumat verdi, yeni hədəflərindən danışdı.
Bildirildi ki, layihə yazıçıların tanınmasında, oxucuların yeni kitablarla tanışlığında önəmli rol oynayacaq. Kitabın satılması üçün onun həm də reklamı təşkil olunmalıdır: “Aybkitab.az saytına bu işdə kitabevim.az saytı və kitab dükanı, “Vektor” nəşriyyatı, “Yazıçı” nəşriyyatı və “Yayım Assosiasiyası” da dəstək olacaq. Oktyabr ayında yeni kitablarımız işıq üzü görəcək. Hekayə müsabiqəsi də elan edəcəyik. 20 ən yaxşı hekayədən ibarət kitabın çapını da nəzərdə tuturuq”.
Xəyal Rza yeni layihələrdən də söz açdı. Onun sözlərinə görə, tezliklə Azərbaycanda ilk ədəbiyyat kanalı (internet televiziyası) - AYB.tv və yenə də bir ilk olaraq rus dilində ədəbiyyat saytı - aybru.az da fəaliyyətə başlayacaq.
Qeyd edək ki, aybkitab.az saytında xəbərlər, yazarlar, imza günü, layihələr, kitablar, müsabiqə, əsərlər, foto, video, onlayn sifariş və s. bölmələr yaradılıb. Saytın baş redaktoru Xəyal Rza, məsul katibi Əvəz Qurbanlı, Bakı şəhəri üzrə koordinatoru Vüsal Nuru, bölgələr üzrə koordinatoru isə Hafiz Hacxalıldır.

Lalə