XX əsrin ikinci yarısında Azərbaycan dramaturgiyasının ən görkəmli siması olan İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş tədbirlər davam edir. Oktyabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında böyük ədibin yubiley tədbirləri çərçivəsində «Ömrün səhifələri» kitab-albomunun təqdimat mərasimi keçirildi.
Mərasimi Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, Xalq artisti Azərpaşa Nemətov açaraq görkəmli dramaturqun əsərlərinin əbədi yaşamaq gücündən danışdı. Sonra məclisi aparmaq üçün sözü Xalq artisti Hacı İsmayılova verdi.
Demə, teatr və kinoda çeşidli obrazları ilə tanıyıb sevdiyimiz aktyor həm də gözəl aparıcı imiş. O, iştirakçılara söz verməzdən əvvəl etdiyi qısa keçid çıxışlarına İlyas Əfəndiyevlə, onun əsərlərində oynadığı rollarla bağlı xatirələrindən ştrixlər əlavə etdiyindən tədbir çox maraqlı keçdi.
Xalq artisti, rejissor Ağakişi Kazımov İlyas müəllim ilə «Qəribə oğlan» tamaşası üzərindəki işindən söz açdı.
Xalq artisti Bəsti Cəfərova dramaturqun sağlığında ikən onun «Büllur sarayda» və «Hökmdar və qızı» əsərlərində ifa etdiyi obrazlar üzərindəki işindən danışdı.
İlyas Əfəndiyev dramaturgiyasına ən çox müraciət etmiş rejissorlardan olan Xalq artisti Mərahim Fərzəlibəyov ədibin doqquz pyesini səhnələşdirdiyini diqqətə çatdırdı, «Mənim günahım» pyesi üzərində işindən danışdı.
Son illər səhhəti ilə əlaqədar sənətdən aralanmış Xalq artisti Zərnigar Atakişiyeva isə bu gün də aktuallığını itirməmiş «Atayevlər ailəsi»nin televersiyasında oynadığı Dilşad obrazı ilə bağlı xatirələrini bölüşdü.
Xalq artisti Məleykə Əsədova İlyas Əfəndiyevin əsərlərində oynamağın ona yalnız indi qismət olduğunu deyərək, məşqləri gedən «Mənim günahım» tamaşasında Nurcahan rolu üzərində işindən bəhs etdi.
Əməkdar artist Kübrabəyim Əliyeva bu sənəti seçməyində təkcə İlyas Əfəndiyevin pyeslərinin deyil, həm də roman və povestlərindəki qadın qəhrəmanların təsirinin olduğunu dedi.
Sonra «Ömrün səhifələri» kitab-albomunun müəllifi, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə çıxış edərək hələ çox tənqidçinin, teatrşünasın görkəmli dramaturqun yaradıcılığına müraciət edəcəyini, onun irsini araşdıracağını dedi.
Teatr Xadimləri İttifaqının növbəti nəşri olan «Ömrün səhifələri» kitab-albomunun mətni Azərbaycan, rus və ingilis dillərindədir. Nəşrdə İlyas Əfəndiyevin dramaturji yaradıcılığının geniş və dərin təhlili ilə yanaşı, bir sıra görkəmli insanların ədib barədə fikirləri, müəllifin Akademik Milli Dram Teatrında səhnələşdirilən tamaşalarından fotolar və digər yadigar şəkillər yer alıb.
İlyas Əfəndiyevin pyesləri indiyədək Azərbaycanın bir çox teatrlarının səhnələrində dəfələrlə tamaşaya qoyulub. Teatrlarımız bu pyeslərlə xarici ölkələrə qastrol səfərlərinə çıxıblar. Hələ uzun illər boyu çox yaradıcı insan bu zəngin ədəbi-dramaturji irsə müraciət edəcək. Çünki İlyas Əfəndiyev Azərbaycan mədəniyyətinin, teatrının tükənməyən irsidir.

G.Mirməmməd