Azərbaycanda Dağıstan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirilib

Mayın 12-də Heydər Əliyev Sarayında Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanda mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə sarayın foyesində nümayiş olunan “Dağıstan: tarix və müasirlik” adlı dekorativ-tətbiqi sənət sərgisi ilə tanış oldular. Burada Dağıstanın tarixi, bu günü, müxtəlif sənət nümunələri, eyni zamanda respublikada yaşayan xalqların adət-ənənəsini və məişətini əks etdirən örnəklər sərgilənirdi.
Sonra rəsmi açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan və Rusiya arasında mövcud olan strateji əlaqələrin gündən-günə inkişaf etdiyini vurğuladı: "Ölkələrimiz arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olub. Əlaqələrin yüksək səviyyədə davam etməsi Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi diqqət mərkəzindədir".

Oqtay Əsədov bu gün ikitərəfli münasibətlərin elm, təhsil və mədəniyyət səviyyəsində də yüksələn xətlə inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan və Rusiya arasında mövcud olan qonşuluq, dostluq münasibətlərində Dağıstan Respublikası körpü rolunu oynayır. Azərbaycan və Dağıstan xalqlarını ortaq tarix, din, mədəniyyət və qardaşlıq telləri bağlayır.
Milli Məclisin sədri 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, aprel ayında ölkəmizdə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yüksək səviyyədə keçirildi. Azərbaycanda tarixən mövcud olmuş tolerantlığın və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə mühüm önəm verilir. Bunu ölkəmizdə mehriban şəraitdə yaşayan müxtəlif azsaylı xalqların həyat tərzində aydın görmək olar. Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Dağıstan Respublikasının başçısı Ramazan Abdullatipov çıxış edərək nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və diqqətə görə Azərbaycan xalqına, şəxsən Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi: "Bu gün qardaş Azərbaycanda bizi çox hörmətlə qarşıladılar. Prezident İlham Əliyevlə görüşümüz oldu. Bu gün Azərbaycan və Rusiya arasında çox gözəl münasibətlər var. Biz bu münasibətlərin daha da inkişaf etməsi üçün var qüvvəmizlə çalışırıq".

Qonaq Azərbaycan və Dağıstanın ortaq tarix və mədəniyyəti bölüşdüyünü diqqətə çatdırdı: "Bizim xalqlarımız tarix boyu dostluq şəraitində yaşayıb, bərabər irəliləyib. Dərbənd şəhərinin yubileyinin keçirilməsi ərəfəsində Narınqalanın bərpa olunmasında azərbaycanlı qardaşlarımız bizə yaxından kömək etdilər. İndi Narınqala Azərbaycan və Dağıstan xalqlarının dostluq simvoluna çevrilib. Bu tarixi şəhər yeni, müasir bir görkəm alıb. Bundan sonrakı fəaliyyətimiz xalqlarımız arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsidir".
Ramazan Abdullatipov iki qonşu xalq arasında əlaqələrin daha da inkişaf etməsində, həmçinin Dağıstanın inkişafında böyük dövlət xadimi Əziz Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğuladı. Qeyd etdi ki, ötən əsrin 40-cı illərində Dağıstana rəhbərlik edən Əziz Əliyevin xidmətləri həmişə dağıstanlılar tərəfindən yüksək qiymətləndirilir və onun xatirəsinə dərin ehtiramla yanaşılır.
Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişafında Heydər Əliyevin böyük rolunu vurğulayan qonaq bu münasibətlərin prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirdi.
Çıxışlardan sonra Dağıstan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu. Rəngarəng proqramı olan konsertdə məşhur “Ləzginka” Akademik Rəqs Ansamblı, “Xasavyurt” Dövlət Rəqs Ansamblı və solistlər çıxış etdi, teatrlaşdırılmış kompozisiyalar göstərildi.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivləri və rəqs qrupları mayın 11-12-də Zaqatala və Balakəndə çıxış edib. Mədəniyyət günlərinin proqramına Qusar və Xaçmaz rayonlarında konsertlər də daxildir. Dağıstan mədəniyyəti günləri mayın 13-də başa çatacaq.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar