Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı Şahlar Babanın Azərbaycan muğam sənətinin korifeyi, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin həyatı və ifaçılıq sənətinə həsr olunmuş “Mən tanıyan Xan əmi” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tahir Sadıqov bu il ustad xanəndə Xan Şuşinskinin anadan olmasının 115 ilinin tamam olduğunu diqqətə çatdırıb, sənətkarın yaradıcılığından bəhs edib.
Yazıçı Şahlar Baba Xan Şuşinski ilə 1946-cı ildə ilk görüşündən, onunla bağlı xatirələrindən danışıb, “Şuşanın” şeirini söyləyib. Bildirib ki, Xan Şuşinski nəinki respublikamızda, həmçinin digər ölkələrdə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib. O, həmişə deyərdi ki, musiqi bütün incəsənət növlərinin birincisidirsə, muğamat da bütün musiqilərin tacıdır. Ona görə də o, adına və yerinə layiq oxunmalıdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Telman Əliyev çıxış edərək bildirib ki, Xan Şuşinski əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. O, yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Xanəndə Üzeyir Hacıbəylinin "Qaragöz" mahnısının ilk ifaçısı olub.
Şair Zakir Ağdamlı və digər çıxış edənlər ecazkar, qeyri-adi səsə malik Xan Şuşinskinin Azərbaycan musiqisi və ifaçılıq sənətinin ən uca zirvələrindən biri olduğunu vurğulayıb, kitabın əhəmiyyətini qeyd ediblər.
Tədbirdə unudulmaz xanəndənin lent yazıları səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar