Mədəniyyət və Turizm Nazirliyində Misir nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri ilə görüşdü.

Görüşdə Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh, Misir Turizm İdarəsinin rəhbəri Əhməd Şokri, Misir Hotellər Assosiasiyasının rəhbəri Əhməd Əyyub və digər qonaqlar iştirak edirdi.
Nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev ölkəmizin Misirlə turizm əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğuladı: “İki ölkə arasında əməkdaşlıq münasibətləri yaxşı səviyyədədir. Misir dünya ölkələri arasında daha çox inkişaf etmiş turizm sahəsi ilə tanınır. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı ola bilər”.
Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edərək son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirdi: “Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkələrin vətəndaşları isə elektron turist vizalarını qısa müddətdə əldə edə bilirlər”.
Nazir iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışdı, bu əlaqələrin inkişafına bundan sonra da dəstək veriləcəyini diqqətə çatdırdı.
Misir səfiri xanım Suzan Cəmil Nuh bu ölkənin turizm nümayəndələrinin Bakıya səfəri barədə məlumat verdi, Bakıda hər iki ölkənin turizm təmsilçilərinin görüşlərinin keçirildiyini diqqətə çatdırdı. Diplomat ölkəsinin Azərbaycandan turistlərin cəlb edilməsində maraqlı olduğunu vurğuladı.
Misir Turizm İdarəsinin rəhbəri Əhməd Şokri bildirdi ki, ölkənin turizm və aviasiya şirkətləri əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin səfərində əsas məqsəd bu sahədə müştərək əməkdaşlığı inkişaf etdirməkdir. Qeyd etdi ki, yaxın vaxtlarda Bakıdan Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması nəzərdə tutulur: “Birbaşa hava reysinin açılması Misir-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Azərbaycandan Misirə gələnlərin sayı o qədər də çox deyil. Amma biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. Eyni zamanda Azərbaycana da misirli turistlərin gəlməsində maraqlıyıq. Bu sahənin inkişafı üçün qarşımızda duran əsas problemlərdən biri birbaşa hava əlaqəsinin olmamasıdır. Düşünürəm ki, birbaşa reysin açılması hər iki tərəfdə turizmin inkişafına töhfə olacaq”.
Qonaq iki ölkənin şirkətləri arasında müzakirələrin aparılmasının da vacibliyini vurğuladı.
Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam etdi.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar