Məktəblilər üçün muzey həftəsinin açılış mərasimi

Mayın 13-də Xalça Muzeyində “Muzeylər və multikulturalizm” - məktəblilər üçün muzey həftəsinin açılışı oldu. Layihə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Milli Komissiya, AMEA və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzlərinin iştirakı ilə keçirilir.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bu il Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus insanlar dostluq, əmin-amanlıq şəraitində yaşayırlar. “Azərbaycan multikulturalizmi” fənni bir sıra xarici ölkələrin ali təhsil ocaqlarında tədris olunur.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva layihənin 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə keçirildiyini vurğuladı. Bildirdi ki, bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) əlamətdar günü “Muzeylər və mədəni landşaftlar” mövzusuna həsr edib. Ölkəmizdə muzey sahəsində görülən işlər barədə məlumat verən nazir müavini qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin böyük səyi ilə respublikamızda muzeylər şəbəkəsi yaradılıb. Prezident İlham Əliyev bu mədəniyyət siyasətini uğurla davam etdirir. Muzey işi sahəsində 15-dən çox sərəncam imzalanıb. 2009-cu ildən sonra 23 muzey açılıb, bir sıra muzeylərdə əsaslı yenidənqurma və təmir işləri həyata keçirilib.
Muzeylər həftəsi barədə məlumat verən Sevda Məmmədəliyeva diqqətə çatdırdı ki, proqramın məqsədi uşaq auditoriyasını muzeylərdə olan zəngin fond materialları ilə tanış etməkdir. Layihədə paytaxtın aparıcı muzeyləri ilə yanaşı, bölgə muzeyləri də iştirak edir. Beynəlxalq Muzey Günü münasibətilə mayın 18-dən 21-dək bütün muzeylərdə “açıq qapı” günü elan olunub.
Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev muzeylərin əhəmiyyətindən danışdı. Bildirdi ki, muzeylər milli-mənəvi sərvətlərimizin saxlanc yeri, keçmişimizin dərki, gələcəyimizə ötürülən mirasdır.
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə layihə barədə məlumat verdi. Bildirdi ki, məktəblilər üçün muzey həftəsi - “Muzeylər və multikulturalizm” proqramı bu il Bakıda və regionlarda 25 muzeyi əhatə edir. Məktəblilər muzey ekspozisiyaları, memarlıq abidələri ilə tanış olacaq, mədəniyyətlərin bir-birinə təsir və əlaqələrini öyrənəcəklər. Proqram üçün Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və “Multikulturalizm ili” çərçivəsində mövzular seçilib. Muzey həftəsi mayın 18-də başa çatacaq.
Bildirildi ki, ötən il proqram çərçivəsində 7 min məktəbli Bakıda fəaliyyət göstərən 15 muzeyə ekskursiya edib.
Tədbirin sonunda 2015-ci ildə keçirilmiş muzey həftəsində fəal iştirak edən bir neçə orta məktəbin və 166 saylı Klassik gimnaziyanın şagirdlərinə diplom və hədiyyələr təqdim edildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar