Elmi-praktik seminarda bu barədə müzakirələr aparıldı
Mayın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və Azərbaycan Milli Konservatoriyası (AMK) ilə birgə “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması” mövzusunda elmi-praktik seminar keçirildi.
Muzeyin direktoru Alla Bayramova tədbiri açaraq mövzunun aktuallığını diqqətə çatdırdı. Bildirdi ki, bu sahədə görülən işlər musiqi alətləri üzrə elmimizə böyük töhfələr verəcək.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxışında Milli Konservatoriyanın musiqi alətləri üzrə elmi tədqiqat laboratoriyasının musiqi alətlərinin təkmilləşməsi və yeni növlərinin yaradılması sahəsində fəaliyyətini xüsusi qeyd etdi. Vurğuladı ki, milli mədəni irsin qorunmasının mühüm istiqaməti musiqi alətlərimiz haqqında dəqiq, səlis məlumatın dünyada yayılması, onların başqaları tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınması, bu irsin gələcək nəsillərə çatdırılmasıdır. Bu irsin qorunmasına xidmət edən insanların əməyi də dəyərləndirilməlidir. Alətlərin standartlaşması təmin edilməlidir və bu sahədə tədqiqatlara böyük ehtiyac var.
Sonra direktor musiqi alətlərinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi tədqiqat laboratoriyasına mərkəzin fəxri diplomunu təqdim etdi.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi vaxtilə respublikada musiqi alətləri istehsal edən iki fabrikin Şuşada və Bakıda fəaliyyət göstərdiyini qeyd etdi. Rektor bildirdi ki, hazırda isə belə bir müəssisənin yoxluğu konservatoriyanın nəzdində elmi laboratoriyanın fəaliyyət göstərməsinə zəmin yaratdı. Laboratoriyada musiqi alətləri düzəldilməklə yanaşı, elmi işlər də həyata keçirilir. Laboratoriyaya regionlardan da musiqi aləti ustaları cəlb edilib.
Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova milli musiqi alətlərinin təkmilləşməsini gələcək nəsillər üçün töhfə adlandırdı. Avropa alətlərində təkmilləşmə prosesinin sürətlə inkişaf etdiyini, Şərq alətlərində isə bu prosesin ləngidiyini diqqətə çatdırdı.
Sonra AMK-nın Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov “Azərbaycan milli musiqi alətlərinin problemləri” mövzusunda məruzə ilə çıxış etdi.
Laboratoriya tərəfindən təkmilləşdirilmiş və yeni yaradılmış musiqi alətləri - bəm kaman, yaylıq qopuz, akkord tar, zil-bəm kaman, zərb alətləri, Qarabağ kamanı, təkmilləşmiş tar, çəng və digər alətlərdə ifalar dinlənildi.
İfalardan sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ramiz Quliyev, BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əhsən Rəhmanlı, Milli Konservatoriyanın dosenti Mübariz Əliyev çıxış etdilər, fikir və mülahizələrini bölüşdülər.
Lalə Azəri