Rusiya Rəssamlıq Akademiyasında Polad Bülbüloğlunun heykəli təqdim olunub

Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlunun tunc heykəlinin təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərasimdə heykəlin müəllifi, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı Zurab Sereteli Polad Bülbüloğlu ilə uzun illər möhkəm dostluq münasibətlərinin olduğunu qeyd edib. Vurğulayıb ki, “Müasirlərim” silsiləsindən olan bu yeni əsər vasitəsilə qəhrəmanın özünəməxsusluğunu, heç kimə bənzəməyən səhnə üslubunu ifadə etməyə çalışıb.
Z.Sereteli deyib: “Bir çoxları məndən xahiş edir ki, onların heykəlini hazırlayım. Ancaq mən razılaşmıram, çünki heykəltəraşlıq əsərində obraz, xarakter olmalıdır. Polad Bülbüloğlu yaradıcı şəxsiyyətdir. O, məxsus olduğu böyük xalqın ənənələrini, atası dahi Bülbülün yaradıcılıq yolunu davam etdirir. Bunu qiymətləndirmək lazımdır”.
Heykəltəraş bildirib ki, Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə ona hədiyyə etdiyi heykəlin qalereyada Rusiyanın və dünyanın bir çox məşhur şəxsiyyətlərinin tunc abidələri ilə bir sırada yer alması Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinə də bir töhfə olacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində məşhur sənətkar Zurab Seretelinin hazırladığı heykəli həm də Azərbaycan xalqına, mədəniyyətimizə böyük ehtiramın əlaməti kimi qiymətləndirib. Leyla Əliyeva deyib: “Polad Bülbüloğlu oxuyanda insan yaşamaq istəyir. Onda olan müsbət enerji hamıya sirayət edir. Çox şadam ki, bu gün belə gözəl abidə təqdim olunur. Bu abidə onun qəlbini, ürəyini təcəssüm etdirir. Buna görə də onu və hamını bu tədbir münasibətilə təbrik edirəm”.
SSRİ Xalq rəssamı Tahir Salahov bildirib ki, Zurab Sereteli bu əsəri təkcə dostu Polad Bülbüloğlunun şəxsiyyətinə deyil, bütövlükdə Azərbaycan xalqına və dövlətinə, Azərbaycanın yaradıcı insanlarına sevgi və ehtiram hissi ilə yaradıb.
Polad Bülbüloğlu hər bir yaradıcı şəxsiyyət üçün sənətinə yüksək qiymət verilməsinin möhtəşəm hadisə olduğunu bildirib. O deyib: “Zurab Seretelinin sərgi kompleksində tanınmış yaradıcı insanların portretləri və heykəllərindən ibarət böyük bir qalereyası var. Orada görkəmli musiqiçilərin də heykəlləri nümayiş olunur. Qürur duyuram ki, indi o heykəllərin sırasında azərbaycanlının da heykəli qoyulacaq”.
Mərasimdə çıxış edən SSRİ Xalq artisti İosif Kobzon, SSRİ Dövlət mükafatı laureatı, şair Andrey Dementyev, Rusiya Rəssamlar İttifaqının sədri Andrey Kovalçuk və başqaları Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərindən danışaraq, Polad Bülbüloğlunun heykəlinin Moskvanın məşhur qalereyasında yer almasını bu münasibətlərin bütün sahələrdə inkişafının nümunəsi kimi qiymətləndiriblər.
Təqdimat mərasimində Moskva Konservatoriyasının Simfonik Orkestri gənc musiqiçi Murtuza Bülbülün dirijorluğu ilə Polad Bülbüloğlunun sevilən mahnılarını ifa edib.
Mərasimdə xarici ölkələrin Rusiyada akkreditə olunmuş nümayəndəliklərinin rəhbərləri, tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.
Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi Moskvanın mərkəzində qədim memarlıq binasında yerləşir, burada beynəlxalq sərgilər, ustad dərsləri keçirilir. Kompleksdə Zurab Seretelinin çoxsaylı əsərləri, o cümlədən ustad sənətkarın “Müasirlərim” silsiləsindən indiyədək yaratdığı Mstislav Rostropoviç, Vladimir Vısotski, Marina Svetayeva, Andrey Voznesenski, İosif Kobzon və başqalarının heykəlləri nümayiş olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar