Akademik Kamal Talıbzadənin kitablarının təqdimatı

Mayın 25-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli ədəbiyyatşünas alim, akademik Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920)” monoqrafiyasının və “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Kamal Talıbzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi, görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığı tarixində mühüm xidmətlərindən danışdı. Bildirildi ki, XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən olan alim Azərbaycan ədəbi tənqidinə, onun tarixi və nəzəriyyəsinin öyrənilməsinə bütöv bir ömür sərf edib. Bu gün orta nəsli təmsil edən elm adamlarının mütləq əksəriyyətinin inkişafında K.Talıbzadənin zəhməti, diqqəti olub.
Təqdim olunan nəşrlər barədə danışan İ.Həbibbəyli bildirdi ki, alimin “Seçilmiş əsərləri” Ədəbiyyat İnstitutunda hazırlanıb. “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920)” kitabı isə Abdulla Şaiqin ev-muzeyində hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Zəngin arxiv materialları və ədəbi tarixə əsaslanan bu əsərlərdə müxtəlif tənqidi cərəyanların ideya-estetik özünəməxsusluqları dövrün ümumi ədəbi prosesi fonunda və müasirlik işığı altında izah olunur.
Ədəbiyyat İnstitutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Görkəmli tənqidçi-ədəbiyyatşünas Kamal Talıbzadə” mövzusunda məruzəsi dinlənildi. Qeyd olundu ki, ədəbiyyat tarixçiliyi K.Talıbzadənin tənqidçi təfəkkürünün möhkəm dayağıdır. Ədəbi prosesin təqdimatında ədəbiyyat tarixinin faktlarına və hadisələrinə əsaslanmaqla, ədəbi gedişata istinad etməklə fikir və mülahizə yürütmək, dərin elmi ümumiləşdirmələr aparmaq alimin tənqidçi kimi münasibətini ifadə edən baxışlarının təzahürüdür.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, filologiya üzrə elmlər doktorları, professorlar Alxan Bayramoğlu, Şamil Vəliyev, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova və başqaları görkəmli alim və onun əsərləri haqqında fikirlərini bölüşdülər.
Sonda Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək kitabların nəşrinə göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Qeyd edək ki, alimin “Seçilmiş əsərləri”nin elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçisi filologiya üzrə elmlər doktoru Vaqif Yusiflidir. “Azərbaycan ədəbi tənqidinin tarixi” kitabının elmi redaktoru Şamil Vəliyev, rəyçisi Alxan Bayramoğludur.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar