Oktyabrın 29-da Nərimanov rayon Mərkəzləşmiş Kitabxana Sistemində ömrünün kamillik dövrünü yaşayan tanınmış şair, Prezident təqaüdçüsü İlyas Tapdığın 80 illik yubileyinə həsr edilmiş görüş keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılıb, şeirləri məktəblilərin ifasında səsləndirilib.
Şair Musa Ələkbərli ədəbiyyata 50-ci illərdə gələn İlyas Tapdığın şeir və poemalarının, tərcümə əsərlərinin toplandığı 50-dək yaxın kitabının nəşr edildiyini, əsərlərinin rus, türk və digər dillərdə işıq üzü gördüyünü bildirib. Qeyd olunub ki, ədəbi yaradıcılığa tələbə ikən “Azərbaycan” jurnalında dərc edilən “Bakının gecəsi” şeiri ilə başlayan, “Kəndimizin çobanı” adlı ilk şeir kitabı 1955-ci ildə dərc edilən şairin yaradıcılığında Vətən mövzusu əsas yer tutur.
Çıxış edənlər İlyas Tapdığın şeirlərinin hər zaman sevildiyini, indi də dillər əzbəri olduğunu deyiblər. Rayondakı 35, 168 və 45 nömrəli məktəbin şagirdlərinin ifasında şairin “Bildirçin”, “Ana”, “Dəmirağac”, “Yazda dolu düşəndə”, “Bir şəhiddir ürəyim” və digər şeirləri səsləndirilib. Onları sazda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi İslam Qasımov müşayiət edib.
Tədbirdə yubilyara Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri diplomu təqdim olunub.
Sonda İlyas Tapdıq yaradıcılığına göstərilən ehtirama görə iştirakçılara minnətdarlığını bildirib.