“Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama əsasən, rayonda tarixi-memarlıq abidələrinin təmir-bərpası ilə bağlı genişmiqyaslı işlər nəzərdə tutulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 12-də “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Şəki Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri və onların mühafizə zonaları, aparılacaq abadlıq-quruculuq işləri barədə təkliflər hazırlayıb, Şəki şəhərinin baş planına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan əlavə, Nazirlər Kabinetinə Şəkinin 2030-cu ilə qədər dövrdə inkişafına dair baş planın təsdiqi üçün zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Prezident sərəncamı ilə Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.
Sərəncamdan irəli gələn bir sıra məsələlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi Mədəni irs şöbəsinin Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərovaya müraciət etdik. Dövlət başçısının sərəncamını yüksək qiymətləndirən sektor müdiri onu Şəki şəhərinin intibahına yönəlmiş tarixi sənəd adlandırdı. Onun sözlərinə görə, ölkəmizin hər yerində gerçəkləşən böyük quruculuq-abadlıq işləri bu sərəncam sayəsində Şəkidə daha dolğun şəkildə həyata keçiriləcək: “Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi var. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, ictimai binalar, məscid və məbədlər, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xan sarayı və eləcə də Şəkixanovların evi kimi xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarət, Kiş kəndində yerləşən alban məbədi, digər tarixi memarlıq nümunələri mədəni irsimizin inciləridir. Müasir dövrdə Şəki şəhərinin inkişaf strategiyasına uyğun olaraq tikinti-abadlıq işlərinin aparılmasında özünəməxsusluğun qorunub saxlanılmasına, ətraf mühitlə vəhdətin təmin olunmasına, tarixi mədəniyyət abidələrinin mühafizəsinə və mövcud mədəni-tarixi potensialından səmərəli istifadəyə xüsusi diqqət yetirilməsi zəruridir. Bu baxımdan sərəncamda Şəkinin tarixi-memarlıq özünəməxsusluğun qorunub-saxlanılması şərtilə yenidənqurma və təmir işlərinin aparılmasının vacibliyi vurğulanıb”.
Sərəncamda aidiyyəti qurumların Şəkidə tarixi-memarlıq abidələrinin təmir-bərpası ilə bağlı təkliflər hazırlaması barədə müddəa əksini tapıb. Sektor müdirinin sözlərinə görə, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən geniş əhatəli Tədbirlər Planı hazırlanıb. Planda Şəkinin tarixi-memarlıq ansambllarının qorunması, qədim küçələrinin tarixi görünüşünün qorunub saxlanılması, abidələrin bərpası və konservasiyası, ümumi ansamblı pozan yeni binalarda buraxılan nöqsanların aradan qaldırılması əksini tapıb. Eyni zamanda Şəkidə daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarının təyin edilməsi, elektron məlumat bazasının və reyestrin yaradılması, pasportların hazırlanması da nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Tədbirlər Planında Şəkidə yerləşən tarix-mədəniyyət qoruqlarına da xüsusi yer ayrılıb. Qoruqlara və xüsusi əhəmiyyətli abidələrə gedən yolların abadlaşdırılması, təmiri, yol nişanlarının quraşdırılması da bu sıraya daxildir.
Abidələrdə təmir, bərpa və konservasiya işlərinə gəlincə, Şəkidəki “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, ümumi uzunluğu 1300 metr olan qala divarlarının təmir və bərpası, Ağvanlar, Dərə, Yeraltı hamamların, Gödək minarəsinin bərpası, Gileyli minarəsinin konservasiyası, Şəkixanovlar Evinin əsaslı təmir və bərpası, Kiş kəndindəki «Gələrsən-görərsən» qalasının, Bideyiz kəndindəki məbədin, Baş Kəldək kəndində Gavur qalasının bərpa və konservasiyası, Qurçana çayı üzərində kərpicdən tikilmiş, XVIII-XIX əsrlərə aid qoşa tağlı körpünün təmir olunması da sənəddə yer alıb.
Nazirliyin sektor müdirinin bildirdiyinə görə, Tədbirlər Planında Şəkinin zəngin mədəni irsinin təbliği ilə bağlı təkliflər də qeyd olunub. Bu baxımdan Şəki rayonunun tarix-mədəniyyət abidələrini təbliğ etmək məqsədilə konfrans və seminarların keçirilməsi, ənənəvi bayramlar və turizm mövsümü zamanı Azərbaycan mədəniyyətinə, musiqisinə, folkloruna və s. mövzulara həsr olunmuş festivalların təşkili planda əksini tapıb. Şəki abidələri haqqında reklam çarxlarının və elmi-populyar filmlərin çəkilişi, müxtəlif dillərdə ədəbiyyatın nəşri və xaricdə yayılması da nəzərdə tutulub. Bundan başqa, nadir memarlıq incisi olan “Xan sarayı”nın 2012-ci ildə 250 illiyinin möhtəşəm səkildə qeyd edilməsi də sənəddə əks olunub.
Sektor müdiri Şəkidə tarixi memarlıq abidələrinin təmir-bərpası ilə yanaşı, nəzərdə tutulan digər işlər barədə də bəzi məqamları qeyd etdi. Onun sözlərinə görə, Şəki şəhərində tarixən xalq memarlığının baş təbii elementi Qurçana çayı olub. Odur ki, şəhərin, xüsusilə, onun qoruq ərazisində yerləşən hissəsinin bütövlükdə abadlığı məhz Qurçana çayının yatağının təmizliyindən, çayın kənarlarındakı istinad divarlarının sel sularına qarşı davamlılığından və çayın divarları boyu piyada yolu və işıqlanma sisteminin keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır.
Yaxın perspektivdə Şəki «Yuxarı Baş» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki XVIII əsrdə və XX əsrin əvvəllərində inşa olunmuş bəy evlərinin bərpası, eyni zamanda həmin evlərin yerləşdiyi küçələrin fərş örtüyünün nizama salınması məqsədəmüvafiqdir. Şəhərin mərkəzi küçələrində yerləşən çoxmənzilli ictimai yaşayış binalarının fasad hissələrinin və dam örtüklərinin milli arxitekturanın tələblərinə uyğunlaşdırılması da təklif edilib. XIX əsrə aid olan «Ağvanlar hamamı» ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsidir. Ümumi sahəsi 180 kvadratmetrdir. 15 ilə yaxındır ki, istifadə olunmayan abidənin bərpaya ehtiyacı var.
Bundan başqa, «Yuxarı Baş» Tarix-Memarlıq Qoruğunda yerləşən, ümumi uzunluğu 1300 metr olan Narınqala qala divarlarının təmir və bərpası mühüm önəm kəsb edir. XVIII əsrə aid Narınqala divarları ərazisində dünya əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan «Xan sarayı», R.Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi, Rəsm Qalereyası, şəbəkə emalatxanası, digər bina və tikililər var. Narınqala divarları ətrafında drenaj sistemi olmadığından vaxtaşırı yağan leysan yağışları qala divarlarının mütəmadi olaraq aşınmasına, bəzən də uçmasına gətirib çıxarır. Son illərdə bu proses intensiv xarakter alıb. Keçən ilin yaz və yay aylarında yağan güclü leysan yağışları əraziyə ciddi ziyan vurub. Nəticədə Qala divarlarının müxtəlif hissələrində, xüsusilə də cənub-qərb hissəsində ümumi uzunluğu 740 metrə qədər olan divarlar bəzi yerlərdə tamamilə, bəzi yerlərdə isə qismən uçub və aşınıb. Bu baxımdan Narınqala divarları ərazisində sel sularından mühafizə məqsədilə drenaj sisteminin qurulması zəruridir. XVIII əsrə aid tarix-mədəniyyət abidəsi Giləhli minarəsinin də bərpaya ehtiyacı var.
Sektor müdiri onu da qeyd etdi ki, sərəncamın icrası zəngin tarixi-mədəniyyət və abidələr məskəni olan Şəkidə turizmin inkişafına da müsbət təsir edəcək: “Dövlət başçısı tərəfindən bu ilin ölkəmizdə “Turizm ili” elan edilməsi ilə bağlı görülən işləri, eləcə də Şəki ilə bağlı bu mühüm sərəncamı nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şəki öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri ilə beynəlxalq turizm mərkəzinə çevriləcək. Bu bir faktdır ki, ölkəmizə gələn xarici turistlər Şəkidəki tarixi-memarlıq abidələrini hər zaman heyranlıqla seyr edirlər. Sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi Azərbaycanın bu qədim mədəniyyət mərkəzinə turizm axınını daha da sürətləndirəcək”.
P.S. Noyabrın 21-də ölkə prezidenti “Şəki, Qəbələ, Qax və Oğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən rayonlarda abadlıq-quruculuq işləri, o cümlədən turizmin inkişafı ilə bağlı görülən tədbirləri davam etdirmək məqsədilə hər rayonun İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılıb.
Mehparə