Bugünlərdə Ukrayna Milli Musiqi Akademiyasının P.İ.Çaykovski adına Opera Studiyasının Azərbaycanın və Ukraynanın milli bayraqları ilə bəzədilmiş salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konsert olub. Konserti ölkəmizin Ukraynadakı səfirliyi, Kiyev Şəhər Dövlət Administrasiyası, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev Şəhər Təşkilatı və "Ukrayna-Azərbaycan" Beynəlxalq Xeyriyyə Fondu təşkil edib.

Konsertin aparıcısı, Ukraynanın xalq artisti, "Knyaginya Olqa" ordeninin sahibi Tamara Stratiyenkonun "Yaşasın Ukrayna azərbaycanlıları!" sözləri gurultulu alqışlarla qarşılanıb.


Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndikdən sonra çıxış edən ölkəmizin Kiyevdəki səfiri Tələt Əliyev iştirakçıları azərbaycanlıların həmrəylik gününün təsis edilməsinin 15-ci ildönümü münasibəti ilə təbrik edib.  Kiyev Şəhər Dövlət Administrasiyasının məsul işçisi Arkadi Şestobayev Ukrayna paytaxtının meri Leonid Çernovetskinin, "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun prezidenti, "Azərbaycan dünyası" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov fondun və jurnalın Ali Şurasının sədri, akademik Arif Paşayevin təbrik məktublarını oxuyub. E.İsmayılov xarici ölkələrdə Vətənə layiqincə xidmət göstərən, Azərbaycan elm və mədəniyyətinin təbliğində fəal iştirak edən şəxslərə fondun "Vətən övladı" ordenini təqdim edib. Azərbaycanın böyük dostları, Ukrayna qəhrəmanı, Ukrayna Mədəniyyəti Fondunun prezidenti, tanınmış şair və yazıçı Boris Oleynik, Ukrayna parlamentinin bir neçə çağırış deputatı Anatoli Raxanski, ölkəmizin Kiyevdəki səfiri Tələt Əliyev, UAK Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və "Ukrayna-Azərbaycan" Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov bu ordenə layiq görülüblər. 
Rəsmi hissədən sonra bayram konserti olub. Konsert Ukraynanın əməkdar artisti Qurban Abbasovun ifasında "Azərbaycan" mahnısı ilə açılıb. Konsertdə müxtəlif xalqların mahnı və rəqsləri ifa olunub. Ukrayna müsabiqələri və beynəlxalq müsabiqələrin laureatları Gülşən Mahmudova (Xarkov) və Səkinə Xəlilovanın (Kiyev) ifasında Azərbaycan xalq mahnıları alqışlarla qarşılanıb.


Azərbaycanın əməkdar artisti Fidan Hacıyevanın çıxışı isə əsl sürpriz olub. Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ifa edən müğənnini royalda Azərbaycanın əməkdar incəsənət xadimi Cavan Zeynallı müşayiət edib.


Tamaşaçılar Azərbaycan artistlərinin yüksək ustalığını sürəkli alqışlarla təqdir ediblər.


Ukraynanın tanınmış siyasətçiləri, mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və diasporumuzun üzvləri konsertdə iştirak ediblər.