Belarusun paytaxtı Minskdə fəaliyyət göstərən "Qobustan" Azərbaycan Cəmiyyəti belaruslu ziyalılarla birlikdə azərbaycanlı yazıçı-tərcüməçi Kamran Nəzirlinin kitablarının təqdimatını keçirib. Şəhərdəki A.S.Puşkin adına yaradıcı ziyalılar evinin kitabxanasında, habelə "Gənclik" istirahət mərkəzində gerçəkləşən tədbirlərdə müəllifin "19+1" (rus dilində) və "Miras" (Azərbaycan dilində) kitabları, habelə ingilis dilinə tərcümə etdiyi üç kitabı - "Candles", (Azərbaycan şeiri antologiyası), "Punishment" (Hüseynbala Mirələmovun "Cəza" povesti) və "Value the people while they are alive" (Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" seçilmiş şeirlər toplusu) təqdim edilib.
"Qobustan" cəmiyyətinin sədri Baxşı Qənbərov, cəmiyyətin sədr müavini, tarix elmləri namizədi Baldadaş Qənbərov, azərbaycanlı diasporunun üzvləri - tanınmış rəssam Kamil Kamal, tibb elmləri doktoru Neyman Zeynalov və digər çıxış edənlər Kamran Nəzirlinin yaradıcılığından söz açıb, müəllifi təqdim olunan nəşrlər münasibətilə təbrik ediblər.
Yazıçının "Şeytan işığı" tamaşasından fraqment də göstərilib. K.Nəzirli tərcümə etdiyi "Candles" kitabından Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə və Ramiz Rövşənin şeirlərini ingilis dilində səsləndirib, oxucuların suallarına cavab verib.
Tədbirlərdə Belarus universitetlərində təhsil alan azərbaycanlı tələbələr, belaruslu ziyalılar, elm və ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.