Professor Nizaməddin Şəmsizadənin yeni kitabı

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin “Mən kiməm” adlı yeni kitabı bugünlərdə “Yazıçı” nəşriyyatında çapdan çıxıb. Müəllif tərəfindən “müxtəsər həyatnamə” kimi təqdim olunan kitab onun əcdadı, mühiti, taleyi, yaradıcılığı, müasirləri və yaşadığı zaman haqqında müşahidə və mülahizələrini əks etdirir.
Cəmiyyətdə müəyyən ictimai-tarixi yeri olan hər bir kəs özünə “Mən kiməm” sualını verməlidir. Azərbaycanşünas, nəzəriyyəçi-ədəbiyyatşünas, filosof-tənqidçi, onlarla monoqrafiya və kitabın, yüzlərlə elmi-nəzəri, ədəbi-tənqidi, fəlsəfi-publisistik məqalənin müəllifi olan N.Şəmsizadə bu kitabında XX əsrin 70-ci illərindən XXI əsrin ilk onilliklərinə qədər müxtəlif ictimai formasiyaları çevrələyən yarıməsirlik bir dövrün ədəbi-tarixi olaylarına şəxsi həyat prizmasından qiymət verməyə çalışır. Fəlsəfi-publisistik üslubda yazılmış kitab millətini və dövlətini sevən, elm və mədəniyyətlə nəfəs alan, gözəlliyi duyan, vicdanla yaşayan və şəxsiyyətini qorumağı bacaran insanlar üçün nəzərdə tutulub.