Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şəki şəhərində “İpək yolu” I Beynəlxalq Musiqi Festivalı davam edir. İyunun 27-də açılan musiqi bayramında Şəki əhalisi və buraya təşrif buyurmuş qonaqlar Koreya Respublikasının folklor kollektivinin, “Sarı gəlin” Norveç-Azərbaycan ansamblının, Qara Qarayev adına Kamera Orkestrinin, Bəstəkarlar İttifaqının simli kvartetinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivi və simfonik orkestrinin, yerli və Bakıdan gəlmiş musiqi kollektivlərinin, habelə Azərbaycan Dövlət Opera və Balet Teatrının konsert və tamaşalarını izləmək imkanı əldə edəcəklər.
Festivalın gündəliyinə uyğun olaraq, iyunun 27-də Şəki xanlarının sarayının həyətində Q.Qarayev adına kamera orkestrinin konserti olub. Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə keçən konsert Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı ilə açılıb. Konsertdə, həmçinin, Motsart, Qara Qarayev, Pyotr Çaykovski, Aqşin Əlizadə, Zakir Bağırov, Süleyman Ələsgərov, Fikrət Əmirov və digər bəstəkarların əsərləri səsləndirilib. Konsert tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov şəkililər adından kamera orkestrinin kollektivinə təşəkkür edib, kollektivə İcra Hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub.
Festivalın ikinci günü Kiş kəndindəki qədim alban məbədinin həyətində Bəstəkarlar İttifaqının “Oazis” simli kvartetinin təqdimatı və konserti olub. Məlumat verilib ki, simli kvartet bu il Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə yaradılıb. “İpək yolu” I Beynəlxalq musiqi festivalındakı konserti kollektivin ilk çıxışı olub. Proqrama Motsartın “Kiçik gecə” serenadası, Firəngiz Əlizadənin “Oazis”, Qara Qarayevin “Kvartet”, Ejen İzelin “Ballada”- solo violino üçün, Arnold Şönberqin “Andante”, Dmitri Şostakoviçin “Yumoreska” əsərləri daxil idi.
Festival iştirakçıları, həmçinin, Şəki “Sənətkarlar evi”ndə yerli sənətkarların əl işləri ilə tanış olublar. Festival daha sonra qədim tarix-memarlıq abidəsi olan “Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində davam etdirilib. Tamaşaçılar əvvəlcə Şəki 3 nömrəli uşaq musiqi məktəbinin “Qönçə” ansamblının çıxışını izləyiblər. Sonra Koreya Respublikasının “Samuinori” folklor ansamblının üzvləri öz məharətlərini göstəriblər. Ansambl bu ölkənin ən tanınmış folklor kollektivlərindən biri hesab olunur. Sa-mooi-no-r (Koreya dilində) 4 ənənəvi Koreya alətindən ibarətdir: kiçik qonq, böyük qonq, qum saatına bənzər zərb aləti və zərb aləti. Alətlərdən hər biri sanki müxtəlif hava şəraitini - yağışı, ildırımı, küləyi və buludu təsvir edir. Bütün bunlar ənənəvi Koreya musiqi mədəniyyəti əlamətlərinin göstəricisidir. Folklor ansamblının çıxışı musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
“İpək yolu” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü “Sarı gəlin” Norveç-Azərbaycan ansamblının konserti ilə yaddaqalan olub. Kiş kəndindəki qədim alban məbədinin həyətində keçirilən konsertə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, yerli musiqisevərlər, habelə festival iştirakçıları baxıblar.