Hər bir sənətin peşəkarı olmaq çətin və məsuliyyətlidir. İfaçılıq sənəti də həmçinin. İfaçılıq məharəti isə yalnız istedadla şərtlənmir. Burada daima zəhmət çəkmək, öz üzərində çalışmaq tələb olunur. Belə olan halda yaxşı ifaçı, yaxşı müəllim və yaxşı tədqiqatçı da ola bilərsən. Haqqında söhbət açacağımız sənətkar, mahir kaman ifaçısı Arif Əsədullayev kimi.
   
   Onunla söhbətimizə də bu mövzu körpü saldı. «Mahir ifaçı olmaq üçün ilk növbədə nə tələb olunur» sualına Arif müəllimin cavabı belə oldu:
   “Gərək ürəyinlə əlin düz olsun. Beyinin düşünüb, ürəyin istədiyini, əlin-barmaqların ifa edə bilməldir. Bunun üçün də saatlarla məşğul olmaq lazımdır. Buna səbrin çatsın deyə, gərək sənətə böyük məhəbbətin olsun. Sənətkarı istedad, səbir və savad formalaşdırır. Bunlardan hər hansı biri çatışmasa, onda sənət natamam olacaq. Mən bu dediklərimi ustadlardan eşitmişəm və təcrübəmdə də müşahidə etmişəm”.
   Bu sözlər doğrudan da əsil sənət tövsiyələridir. Bunu sənətin kəşməkəşli yollarından keçən bir sənətkar deyə bilər. Bu yerdə, gəlin, Arif Əsədullayevin sənət yoluna nəzər salaq.
   O, kamança ifaçılığı üzrə ilk dərsləri Bakının Maştağa qəsəbəsindəki 10 nömrəli musiqi məktəbində Fazil Osmanov və Validə Babayevadan alıb. Müəllimləri ona kamançanı sevdirib və bu sevgi Arif Əsədullayevi bu sənətlə əbədi qovuşdurub. Sonra A.Zeynallı adına Musiqi Texnikumunda (indiki Musiqi Kolleci) və Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) Tərlan Qazıyev və Ramiz Mirişlidən dərs alıb.
   Arif müəllim sənət yolundakı ustadlarını hər zaman ehtiramla xatırlayır:
   “Sənətdə qazandığım nailiyyətlərə görə ustadlara, müəllimlərimə çox minnətdaram. Sənətdə onlardan çox şey öyrənmişəm. Əvvəla dayım, görkəmli muğam bilicisi Nəriman Əliyevin adını qeyd etməliyəm. Onu da deyim ki, Nəriman dayının da mahir muğam ustası olmasında müəllimi, böyük sənətkar Seyid Şuşinskinin müstəsna rolu olub. Odur ki, mən onu da özümə mənəvi müəllim hesab edirəm. Mahir kamança çalanlar Hafiz Mirzəliyev, Fərhad Dadaşov, Elman Bədəlov, Firuz Əlizadə, müəllimim Fazil Osmanov və başqalarının ifalarına dönə-dönə qulaq asmışam, öyrənmişəm. Nəhayət, öz yolumu tapa bilmişəm. Amma nə qədər öyrənsək də bu sənət bitib tükənən deyil. İfaçı həmişə axtarışda olmalıdır ki, yeni-yeni üslublar tapa bilsin, ifaçılıq texnikasını zənginləşdirsin”.
   Məhz bu amalla da Arif Əsədullayev ifaçılıq sahəsində özünəməxsus yer qazanıb. Onun həm solo, həm də müşayiət ifaları özündə milli ifaçılıq xüsusiyyətlərini əks etdirir. Arif müəllim dünyanın 20-dən çox ölkəsində öz sevimli kamança aləti ilə Azərbaycanı təmsil edib, bir çox beynəlxalq festivalların diplomantı olub.
   Sənətkarın ailəsi də peşəkar ifaçılardan ibarətdir. Xanımı, mahir kamança ifaçısı, Xalq artisti Şəfiqə Eyvazova, qızı Mehri xanım Arif müəllimlə çiyin-çiyinə çalışaraq konsert salonlarında birgə çıxış edirlər. Arif müəllim həyat yoldaşı Şəfiqə xanımla birgə pedaqoq kimi də fəaliyyət göstərərək kamança alətinin sirlərini gənc nəslə aşılayır, yeni ifaçı nəsli yetişdirirlər.
   Arif Əsədullayev bu barədə belə deyir:
   “Müəllimlik və ifaçılıq. Bunlar ayrı-ayrılıqda çox çətin peşələrdir. Amma mən ifaçının müəllimliyini yaxşı qəbul edirəm. Çünki ifaçı həm tələbəni öyrədir, həm də özü öyrənir, bacarığını təkmilləşdirir. Pedaqoji fəaliyyətə hələ 1967-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda oxuyarkən başlamışam. Bir müddət 8 saylı Musiqi Məktəbində işlədim. Sonra yenə Musiqi Texnikumunda dərs dedim. 1997-ci ildən isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında muğam tədrisi ilə məşğulam”.
   Arif Əsədullayev Musiqi Akademiyasının “Xalq musiqisinin tarixi və nəzəriyyəsi” fakültəsində çalışır. Burada bəstəkar və musiqşünaslara muğam sənətinin sirlərini öyrədir. Mən də bəzi muğamları ondan öyrənmişəm. Odur ki, fürsətdən istifadə edərək hörmətli müəllimimizə tələbələrinin təşəkkürünü yetirirəm.
   İndi isə söhbətimiz Arif Əsədullayevin tədqiqatçılıq fəaliyyətindən olacaq. «Necə oldu ki, ifaçılıqla yanaşı, elmi tədqiqat işinə də başladınız» sualına o belə cavab verir:
   “Məni musiqi tədqiqatçılığına cəlb edən də ifaçılığım və pedaqoji fəaliyyətim olub. İlk işim muğamların nota köçürülməsi oldu. Tələbələrə muğam dərsi keçə-keçə, onlara muğamaları nota yazdırdıqca düşünürdüm ki, belə bir vəsait hazırlamaq yaxşı olardı. Bu məqsədlə əvvəlcə “Humayın” muğamını nota yazdım. Not yazısını bir neçə sənətkara, o cümlədən mərhum bəstəkar Vasif Adıgözəlova göstərdim. Hamı kimi o, da mənim işimi bəyənib, məsləhət gördü ki, bu fəaliyyətimi davam etdirim. Ondan sonra muğamlarımıza elmi yanaşma ideyamı professor Ramiz Zöhrabovla bölüşüb, onun rəhbərliyi ilə “İnsturmental muğamlar və onların ifaçılıq məziyyətləri” mövzusunda dissertasiya yazdım”.
   Sənətşünaslıq namizədi, Musiqi Akademiyasının professoru Arif Əsədullayev bu yaxınlarda musiqimizə daha bir töhfə bəxş edib, üzərində 10 ilə yaxın çalışdığı “Azərbaycan insturmental muğamları” məcmuəsi işıq üzü görüb. Sənətkar bu kitabda 7 əsas muğamı nota köçürüb. Qeyd edək ki, muğamların nota köçürülməsi hələ ötən əsrin 30-cu illərindən başlanıb. İlk dəfə Tofiq Quliyev və Zakir Bağırov “Rast”, “Zabul”, “Segah” muğamlarını nota salıblar. Sonra bu ənənə digər bəstəkar və musiqişünasların yaradıcılığında davam edib. Musiqişünas-alim Ramiz Zöhrabov muğamları nota yazmaqla bərabər onların geniş nəzəri təhlilini də verib. Bir sözlə, muğamlarımız əsil tədqiqat mənbəyidir. Arif müəllimin işinin əsas mahiyyəti isə ondan ibarətdir ki, o, sözügedən məcmuədə muğam dəstgahlarının yaddan çıxıb unudulmaqda olan şöbə və guşələrini də nota alıb. Məcmuə Azərbaycan muğamlarının öyrənilməsində mühüm əyani vəsaitdir. Görkəmli elm və sənət xadimləri də Arif müəllimin bu xidmətini yüksək qiymətləndirirlər.
   Xalq artisti, professor Fərhad Bədəlbəyli:
   “Mübaliğəsiz deyirəm ki, Arif Əsədullayev öz təmənnasız zəhməti ilə Azərbaycan muğamları üçün Avropaya pəncərə açıb. Artıq Avropa və eləcə də bütün dünya musiqiçiləri Azərbaycan instrumental muğamlarının not yazısı ilə tanış olub, istədikləri musiqi alətində onu ifa edə bilərlər. Müəllifin bu fundamental işindən elmi məqsədlər üçün də istifadə etmək məqsədəuyğundur”.
   Xalq artisti, professor Ramiz Zöhrabov:
   “Arif Əsədullayevin məcmuəsində muğamlar çox savadlı, professional şəkildə nota yazılıb. Hesab edirəm ki, onun hazırladığı “Azərbaycan instrumental muğamları” məcmuəsinin işıq üzü görməsi çox tədqirəlayiq haldır və buna da çox böyük ehtiyac vardır”.
   Bu yaxınlarda Bəstəkarlar İttifaqında Arif müəllimin “İnstrumental muğam” kitabının təqdimat mərasimi oldu. Orada da bir neçə elm-sənət xadimləri bu tədqiqat işi barədə dəyərli sözlər dedilər. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin çıxışından bəzi məqamlar:
   “Məni bir bəstəkar kimi kamança aləti həmişə özünə cəlb edib. Odur ki, kamança ifaçılarına çox qulaq asmışam. Elə “Habilsayağı” əsərimin yaranması da buradan irəli gəlir. İfasını dinlədiyim sənətkarlar içərisində xalq artistimiz Şəfiqə Eyvazova və Arif Əsədullayevin çıxışları da var. Sevindirici haldır ki, onların övladları Mehri xanım da valideynlərinin sənət yolunu davam etdirir. O ki, qaldı Arif Əsədullayevin 7 əsas muğamı nota yazması, bu doğrudan da milli musiqi xəzinəmizə gözəl bir ərməğandır. Əminəm ki, bu kitab musiqiçilər üçün çox dəyərli bir mənbə olacaq”
   Təqdimatda iştirak edənlərdən akademik Vasim Məmmədəliyev, musiqişünas-alimlər Cəmilə Həsənova, Lələ Hüseynova, Fəttah Xalıqzadə və başqaları da buna bənzər fikirlər söyləyərək Arif müəllimə yeni yaradıcılıq uğurları arzuladılar. Əminik ki, cəfakeş sənətkar bundan sonra da musiqi salnaməmizə yeni-yeni uğurlar bəxş edəcək.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas
  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar