Üzeyir Hacıbəylinin yubileyi münasibətilə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində sentyabrın 20-də Azərbaycan Dövlət Filarmoniyasında “Royalın təntənəsi” adlı pianoçular kvartetinin konserti olub. Konsertdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkarın yubileyinə həsr olunmuş festivalının uğurla davam etdiyini vurğuladı.
   
   Festivalda müxtəlif ölkələrdən musiqiçilərin iştirak etdiyini xatırladan nazir beynəlxalq tədbir çərçivəsində ölkəmizə gəlmiş tanınmış musiqiçilərin və musiqi kollektivlərinin Azərbaycan mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazandıqlarını bildirib. “Bu cür festivalları keçirməkdə məqsədimiz odur ki, əcnəbi musiqiçilər ölkəmizə gəlib Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olsunlar. Eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini bizim musiqiçilərlə bərabər öyrənib bu əsərləri öz repertuarlarına daxil etsinlər. Buraya gələn beynəlxalq səviyyədə tanınmış və qəbul olunmuş ifaçılar artıq Azərbaycanın musiqisini daha dərindən öyrənirlər”.
   Proqramda Rusiyanın Əməkdar artisti Aleksandr Gindin, nüfuzlu fortepiano və kamera müsabiqələrinin laureatı Sergey Kudryakov, Fransada “De Saint-Lizier” festivalının yaradıcısı və bədii rəhbəri, amerikalı pianoçu David Livelinin ifasında maraqlı musiqi nömrələri ifa olundu. Tanınmış musiqiçilərin ifasında səsləndirilən R.Vaqnerin “Tanheyzer” uvertürası, C.Debussinin “Oyun”, M.Ravelin “Balero” əsərləri iştirakçılar tərəfindən maraqla qarşılandı. Konsert proqramı arası fasilələrdə filarmoniyanın foyesində dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən rəsm və fotolardan ibarət sərgiyə baxış keçirildi.
   
   Ceyhun