15 yaşlı azərbaycanlı musiqiçi Rüstəm Zeynalov məşhur solistlər Aleksandr Şaykin və Nikolas Reksrotla eyni səhnədə çıxış etdi
   
   “Üzeyir Hacıbəyli - 125” Beynəlxalq musiqi festivalı çərçivəsində daha bir konsert sentyabrın 24-də Dövlət Filarmoniyasında gerçəkləşdi. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konsertini dirijor, Xalq artisti Rauf Abdullayev idarə edirdi. Konsertdə solist qismində Rüstəm Zeynalov (Azərbaycan), Aleksandr Şaykin (Rusiya) və Nikolas Reksrot (Almaniya) çıxış edirdilər. Proqramda böyük alman bəstəkarı L.V. Bethovenin əsərləri səsləndirildi.
   
   İlk öncə səhnəyə solist Rüstəm Zeynalov çıxdı. R.Zeynalovdan sonra digər solistlər - Aleksandr Şaykin və Nikolas Reksrot çıxış etdilər. Hər üç solistin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılandı.
   Tədbirin sonunda bizimlə fikirlərini bölüşən 15 yaşlı Rüstəm Zeynalov özünü xoşbəxt hiss etdiyini bildirdi: “Müəllimlərim və görkəmli bəstəkarlarımızın qarşısında çıxış etmək nə qədər çətin olsa da, bir o qədər maraqlıdır. Belə məqamlarda özümü xoşbəxt hiss edirəm”. Rüstəm dahi bəstəkarın 125 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalında iştirakını özü üçün böyük uğur hesab edir: “Bu festivalda iştirak etmək mənim üçün böyük bir təcrübədir. Dahi bəstəkarımızın adına beynəlxalq festivalda çıxışımı heç vaxt unutmaram”.
   Qeyd edək ki, festivalın ən azyaşlı iştirakçılarından hesab olunan R.Zeynalov 1995-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbinin şagirdidir. O, prezident təqaüdçüsü olmaqla yanaşı, həm də respublika gənc pianoçular müsabiqəsinin laureatıdır.
   
   İntiqam Hacılı