Noyabrın 10-da R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində S.Vurğunun ev-muzeyinin təşkilatçılığı ilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü, Respublika Müsabiqəsi laureatı Vurğun Vəkilovun konserti oldu. 
      
   Konsertdən öncə çıxış edən pianoçu, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova yeniyetmə musiqiçinin istedadını yüksək dəyərləndirdi. O, konsertin Əməkdar mədəniyyət işçisi, mərhum Aybəniz Vəkilovanın xatirəsinə həsr olunduğunu bildirdi, Aybəniz xanımla bağlı xatirələrini bölüşdü, yeniyetmə pianoçuya uğurlar arzuladı: “Xalq şairi Səməd Vurğun öz fəaliyyəti ilə, öz yaradıcılığı ilə Vurğun ocağı yaratdı. Onun övladları da öz istedadları, öz fəaliyyətləri ilə tanındılar, sevildilər. İnanıram ki, bu gün konsertində iştirak etdiyimiz Vurğun Vəkilov (böyük şairin nəticəsi - red.) da bu ənənəni uğurla davam etdirəcək”.
   Sonra Vurğun Vəkilov pianoda Lüdviq van Bethoven, Frans Şubert, Frederik Şopen, Azərbaycan bəstəkarlarından Firəngiz Əlizadə və Sevda İbrahimovanın əsərlərini səsləndirdi. Konsert proqramında yeniyetmə pianoçu özünün bəstələrini də ifa etdi.