Noyabrın 16-da Fransanın Frans-24 televiziya kanalının “Mədəniyyət“ bölməsinin fransız və ingilis dilli verilişlərində gənc və istedadlı cazmen İsfar Sarabskinin ifasında Azərbaycanın caz musiqisi səsləndirilib.
       
   Aparıcı Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, dünya musiqisinə verdiyi töhfələri, muğamımızın UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi barədə məlumat verib. O, Azərbaycanın Cənubi Qafqazdakı aparıcı rolundan, iqtisadi qüdrətindən söz açıb, bir çox sahələrdə olduğu kimi, musiqi sahəsində də istedadlı gənclərin yetişdiyini və Azərbaycan musiqisini dünyada layiqincə təmsil etdiklərini, onların timsalında İsfar Sarabskinin Fransada bir neçə konsert verdiyini bildirib.
   Verilişdə İ. Sarabskinin ifaçılığından, dünya şöhrətli cazmen Vaqif Mustafazadənin yolunu davam etdirməsindən, caz musiqisinə gətirdiyi yenilikdən də danışılıb.
   On dəqiqəlik veriliş boyu İsfar Sarabski bir neçə musiqi nömrəsi səsləndirib. Veriliş gün ərzində bir neçə dəfə təkrarlanıb.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə Fransaya səfər etmiş gənc cazmen oktyabrın 4-də Parisin “Duc des Lombards“ konsert salonundakı uğurlu çıxışından sonra ölkənin Normandiya regionunun Leqli şəhərində çıxış edib. Televiziya verilişi həmin çıxışlar əsasında hazırlanıb.